Sotomayorun gülən üzü
- 20 Avq 2021 10:46
- 1897
Almaniyalı Berti Foqts “Azərbaycan futbol ölkəsi deyil” deyəndə hirsimizdən zəncir çeynəsək də, bunu özümüzə dərd etmirdik. Belə bir fikirlə özümüzə təskinlik verirdik ki, kollektiv idman növlərində uğur qazanmasaq da, fərdi növlər əsl bizlikdi, boksçularımızın, güləşçilərimizin, cüdoçularımızın, şahmatçılarımızın şöhrəti bütün dünyaya yayılıb. Futboldakı problemlərin həll ediləcəyinə, “yaşıl meydanlarda” da qələbələri sıralayacağımız günlərin uzaqda olmadığına ürəkdən inanırdıq. Sanki özümüzü şirin yuxuya vermişdik. Gözümüzü bir də onda açdıq ki, fərdi idman növləri də bataqlığın dibinə sürüklərin, milli futbol komandalarımızda olduğu kimi boksda, güləşdə, cüdo da “milliləşdirilənlər” at oynadır. Dərd ondadı ki, “milliləşdirilən” bu idmançılar da batmaqda olan Azərbaycan idmanını fəlakətdən xilas edə bilmirlər. Tokioda keçirilən Yay Olimpiya Oyunları bunun əyani sübutu oldu.
Xüsusən də kubalı boksçu Lorenso Sotomayorun fiaskosu bu sahədə böhranın hansı həddə olduğunu göstərdi. İllərdi ki, onu iki gözümüzün bəbəyi kimi əzizləyir, yağ içində böyrək əvəzində bəsləyirik. O isə hələ də beş il bundan öncə Rio-de-Janeyroda qazandığı olimpiya gümüşünün kölgəsində gizlənir, başına səpələnən milyonların səfasını çəkir. Tokioda gürcüstanlı Əsgərxan Mədiyevin yumruqladığı Sotomayor son 3-4 ildə rinqdən daha çox “İnstaqram”da görünür, orda öz “performansı”nı ortaya qoyur. Cürbəcür qızların əhatəsində kef məclisləri quran, içki şüşələrini, pul banderollarını nümayiş etdirən kubalının rinqdə haldan düşəcəyi, sifətinə dəyən yumruqlara qarşılıq verə bilməyəcəyi də aydın məsələydi. Boksçu məsul yarışlara harda hazırlaşmalıdı: məşq zallarında, yoxsa içki, eyş-işrət məclislərində? Bu sualın da cavabı hər kəsə aydındı. Deməli, Sotomayorun rinqdə Əsgərxana döyülməsi də bizim üçün təəccüblü olmamalıdı.
Sən demə, kubalını Əsgərxandan əvvəl Azərbaycanda da məğlub edən varmış. Elnur Süleymanov adlı azərbaycanlı boksçu 2019-cu ildə respublika çempionatının finalında Lorenzo Sotomayoru nokautla üstələyib, amma Minskdə keçirilən 2-ci Avropa Oyunlarına onu aparmamaq üçün yığmanın məşqçiləri min hoqqadan çıxıblar. Axırda da istəklərinə nail olublar. Gördüyü iyrənciklərdən bezən Elnur Süleymanov da boksun daşını atıb, Azərbaycanı tərk edərək Rusiya bazarlarına ticarətlə məşğul olmağa yollanıb. Başa düşən adam üçün bu hadisə böyük faciədi. Biz təkcə Elnuru itirməmişik, həm də potensial olimpiya mükafatçısını, dünya çempionunu itirmişik, ona bütün bu illər ərzində çəkilən zəhməti və xərci bada vermişik.
İllərdi ki, kubalı məşqçilər Azərbaycan boksunda söz sahibidilər. Azərbaycan Boks Federasiyasındakı havadarları, şərikləri sayəsində yerli boksçuları sıxışdırır, Kubadan özləri ilə gətirdiklərini irəli dartırlar. Onları başa düşdük, öz ciblərini, qazanclarını düşünürlər. Azərbaycanın idman şərəfi, idmanımızın gələcəyi onların nə vecinə? Adamı o yandırır ki, bütün bunlara federasiyada çalışan azərbaycanlılar göz yumur, susurlar. Sotomayorun və kubalı məşqçilərin üzü gülür, cibləri dolur, Azərbaycan boksu və yerli idmançılar isə qan ağlayırlar. Ümid edirik ki, buna son qoyan tapılacaq. Özü də tezliklə!