Tbilisi "Dinamo"su azarkeşləri sevindirən, qəlbləri riqqətə gətirən texnikalı, cənub kaloritli futbol ustalarına malik olmasıyla həmişə fərqlənib. "Dinamo" təkcə yerli azarkeşlərin yox, bütövlükdə keçmiş SSRİ-nin ən sevilən klublarından olub. Gürcü futbolçuların mükəmməl oyununu izləmək üçün on minlərlə tamaşaçı böyük məmnuniyyətlə stadiona axışardı. O qədər gözəl oynayardılar ki, ünvanlarına hər cür xoş sözlər söylənərdi. Bir idman yazarı isə onları futbolun romantikləri adlandırmışdı. Həmin "romantiklər"dən biri də Mixail Mesxi idi. 1960-cı ildə ilk Avropa Kubokunun qalibi - SSRİ milli seçmə komandasının qələbəsində "yığmanın qanadları"ndan biri sayılan bu futbolçunun müstəsna rolu olub. Bu günkü söhbətimiz də məhz M.Mesxi haqqındadır.

 

 Tərcümeyi- halından...

 Mixail Mesxi 1937-ci ildə anadan olub. Futbolda ilk addımlarını 35 nömrəli ixtisaslaşdırılmış futbol məktəbinin kollektivində atıb. Futbolla bağlı ilk arzusu hücumçu kimi yetişmək olub. Deyirlər, onu bu ampluada oynamağa vadar edən B.Payçadzeyə bənzəmək istəməsin və Tbilisi "Lokomotiv"ində çıxış edən əmisi Georgi Mesxinin məsləhəti olub. 1954-1969-cu illərdə Tbilisinin "Dinamo" komandasında oynayıb, SSRİ çempionatında 286 matçda 50 top vurub. 1964-cü ildə SSRİ çempionu adını qazanıb. Sovet futbolunun ən məşhur sol kənar hücumçülarından biri kimi yüksək texnikası, orijinal fəndləri və sürətli keçidləri ilə böyük populyarlıq qazanıb. 6 dəfə ən yaxşı sol kənar hücumçusu kimi ölkənin 33 ən güclü futbolçusu siyahısına düşüb, 1960-cı ildə Avropa Kubokuna yiyələnib. SSRİ seçmə komandasının heyətində 35 oyun keçirib, 4 topun müəllifidir. 1965-ci ildə "SSRİ-nin əməkdar idman ustası" fəxri adına layiq görülüb və "Şərəf nişanı" ordeni ilə təltif olunub.

 

 İttifaqda sevilən komanda

 "Dinamo"nu azarkeşlərə sevdirən nəydi? Komandanın üzvləri, dəxli yoxdur, hücumçu olsun, ya müdafiəçi, rəqibin üstünə ürəklə gedər, improvizasiyalı, fərdi texnikaları ilə hamını heyran edərdilər. Onlar xoşbəxtliyi həmişə rəqib qapısında axtarardılar. XX əsrin 30-cu illərində Boris Payçadzenin başçılığı altında çıxış edən tbilisililər rəqibin cərimə meydançasında daim təlaş və sözün əsl mənasında vahimə yaradırdılar. Sonralar, daha çox müdafiə taktikasına üstünlük verildiyi dövrlərdə də Gürcüstan futbolçuları öz oyun prinsiplərinə həmişə sadiq qalıblar. Futbola ehtiraslı münasibət, topun ram edilməsi üçün göstərilən səylər və bu zaman heyrətamiz fəndlər işlətmək gürcülərin qanında idi. İllər ötüb, amma gürcü futbolunun rəngarəng palitrasının ecazkar xüsusiyyəti bu gün də qalmaqdadır.

 

 

 Ehtiyat əsas oyunçu

 Fiziki cəhətdən o qədər də güclü olmayan gənc futbolçunu ilk vaxtlar məşqçilər ehtiyat oyunçular skamyasında saxlayırdı. Lakin bəzən elə olurdu ki, zədələnmiş və məşqə gəlməyənlərin əvəzinə Mesxini də meydana buraxırdılar. O da öz növbəsində hər vəchlə məşqçilərin etimadını doğrultmağa çalışırdı. Mixailin çalışqanlığı layiqincə qiymətləndirildi. Əvvəlcə məktəb komandasının əsas heyətində, sonra isə Gürcüstanın yeniyetmələrdən ibarət yığma kollektivində ona yer tapıldı. Oyundan-oyuna istedadı cilalanan, ustalığı kamilləşən Mesxinin adı, nəhayət, Tbilisi "Dinamo"sunun siyahısına salındı və o, 19 yaşından ustalardan ibarət bu kollektivin əsas heyətində oynamağa başladı. Topu yüksək sürətlə idarə etmək bacarığı, aldadıcı fəndlərlə müdafiəçiləri məharətlə keçməsi yığma komandanın məşqçilərinin də nəzərindən qaçmadı. 1959-cu ildə onu SSRİ yığma komandasına çağırırlar. Çox keçmir ki, London, Budapeşt, Paris, Marsel və Cənubi Amerikanın bir çox şəhərlərinin futbol fanatları onun ustalığının şahidi olur. Mütəxəssislər və idman şərhçiləri Mesxinin fərdi ustalığı, improvizasiyalı oyunu barədə mətbuat səhifələrində tərif dolu yazılar dərc etdirirlər. Lev Filatov "Nayedine s futbolom" adlı kitabında Mesxini belə təqdim edir: "SSRİ yığmasının oyunlarında o qədər də çox top vurmayıb. Lakin onun ötürmələrindən çox dəyərli və tarixi qollar vurulub. Həmin toplar həmişə gözlərimin qabağındadır - ilk Avropa Kubokunun finalında Viktor Ponedelnikin qolu, 1965-ci ildə Metrevelinin Rio-de-Janeyroda Braziliya millisinin qapısından keçirdiyi top və Buenos-Ayresdə Banişevskinin Argentina yığmasına vurduğu qolu xatırlamaq istəyirəm". Martin Merjanov isə ona həsr etdiyi oçerkdə yazırdı: "1961-ci ildə SSRİ seçmə komandası ilk dəfə Cənubi Amerika ölkələrinə səfərə çıxmışdı. "River Pleyt" stadionunda sovet futbolçuları Argentina millisi ilə qarşılaşırdı. Bu matçda SSRİ komandası, xüsusilə Mesxi, Metreveli və Ponedelnik gözəl və düşünülmüş oyunları ilə yerli azarkeşlərin sevimlisinə çevrildilər. Sovet komandasının müvəffəqiyyətli hücumlarına cinahlarda işləyən "mühərriklər" (Mesxi nəzərdə tutulur - H.T.) çox kömək edirdi.

 

 "River-Pleyt"in fəthi

 Argentina komandasının cinah müdafiəçiləri çox səy göstərsələr də, Mesxi və Metrevelinin qarşısını ala bilmirdilər və hər an yoldaşlarını köməyə çağırırdılar. Nəticədə mərkəzdə boşluq yaranır, digər hücumçuların qol vurmaq şansı artırdı. Mesxinin driblinqi, sürətli keçidləri sağ kənar müdafiəçisi Simeonini çaş-baş salmışdı. Onun kobudluğa əl atması da vəziyyəti dəyişmədi. Çox qəribə idi, əvvəlcə təəccüblənən tamaşaçılar dəqiqələr ötdükcə rəqib komandanı alqışlayırdılar. Top Mesxinin ayağına düşən kimi tribunadakı 120 min azarkeşin uğultusu eşidilirdi. Bir, iki, bəzən də üç müdafiəçini arxada qoyan Mesxinin başgicəlləndirən trüklərindən sonra stadiondan gurultulu alqışlar qopurdu. Mesxinin fəndgirliyinə alışmış Sovet komandalarının müdafiəçilərindən fərqli olaraq, ilk dəfə onunla qarşılaşan əcnəbi futbolçular çətin və çıxılmaz vəziyyətə düşürdülər. Argentina, Çili və Uruqvay futbolsevərləri onun ustalığından vəcdə gəlir və zövq alırdılar. Bunun nəticəsiydi ki, argentinalılar Mesxini "Sovet Qarrinça"sı adlandırdılar. "River-Pleyt" stadionundan otelə qayıdan SSRİ komandasını bir neçə kilometr uzanan "Palermo" parkı boyunca cərgə ilə düzülmüş yerli sakinlər hərarətlə salamlayırdılar. Cənubi Amerika səfərində SSRİ yığma komandasının qələbəsiylə bitən üç görüşü yerli kinooperatorlar lentə də çəkirlər. Bu, o vaxt üçün əsl hadisə idi.

 

 SSRİ-də Braziliya sistemi

 60-cı illərin əvvəlindən bir çox ölkələrin futbol kollektivləri, o cümlədən də SSRİ komandaları 4-2-4 Braziliya taktiki sistemini tətbiq etməyə başlamışdı. Hər bir taktiki yenilik futbolçular, klublar və yığma komanda üçün təbii ki, müəyyən çətinliklər yaradır. Bu, təkcə xətlər arasında əlaqələrin yox, həm də futbolçuların tutduğu mövqe və vəzifələrinin icrasında dəyişikliyə gətirib çıxarır. Təzə oyun sistemi müxtəlif komandalarda, futbolçuların ustalıq səviyyəsindən asılı olaraq, özünəməxsus forma alır. Universallaşdırmaya meylin artması getdikcə özünü daha qabarıq büruzə verirdi. Məşqçilər futbolçular qarşısında yeni vəzifələr qoyurdular, lazım gəldikdə hücumçular yarımmüdafiə və hətta müdafiə xəttində oynamalı idilər. Mesxi də bəzi anlarda öz cərimə meydançasına qədər geri çəkilərək, müdafiəçi yoldaşlarına kömək etməyə çalışırdı. Amma Mesxi bunu o qədər də yaxşı bacarmır və məşqçilərin qınaq obyektinə çevrilirdi - Mesxi pis oynayır! Beləcə, istedadlı hücumçuya yığma komandada əvvəlkitək ehtiyac duyulmur.

 

 

 Yolasalma mərasimi

 

 

1969-cu il iyul ayının ortalarında Uruqvayın "Nasional" klubu ilə Tbilisinin "Dinamo" komandası arasında keçirilən beynəlxalq görüşdə Mixail Mesxi sonuncu dəfə yaşıl meydana çıxdı. İdmançı karyerasını bitirmiş ulduzlarla vidalaşma mərasimi həmin vaxt artıq ənənə şəklini almışdı. Digər mərasimlərdə olduğu kimi, Mesxiyə də xatirə hədiyyələri verildi və tamaşaçıların alşıq sədaları altında, yoldaşlarının çiynində meydandan çıxarıldı. Futbol ulduzu olduqca bitkin, qısa şəkildə tamaşaçılara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, baxmayaraq ki, onun deməyə sözü çox idi. Beləcə, istedadlı futbolçu 32 yaşında bu ecazkar oyuna əlvida dedi. Qeyd edək ki, hazırda Tbilisidəki ən böyük stadion Mesxinin adını daşıyır.

 

 Son söz

 Əməkdar idman ustası Mixail Mesxi "Futbol-Xokkey" həftəliyinin 1969-cu ilin 51 və 52-ci nömrələrində "Nas mnoqo: i ya, i tı..." sərlövhəli yazı ilə çıxış edir. O zaman gənclər futbol məktəbinə yenicə direktor təyin edilmiş görkəmli mütəxəssis futbolun inkişafına aid bir çox məsələlərə toxunur, xüsusilə də gənc idmançıların təlim-tərbiyə işinin təşkili barədə söhbət açır. Onun fikrincə, hər bir istedadlı gənc daim məşqçilərin nəzarəti altında olmalı, oyun elementlərini bacarıqla yerinə yetirən kamil usta kimi yetişərək çalışmalı, eyni zamanda meydanda düzgün qərarlar qəbul etməli, şəxsi dünyabaxışı və zövqü ilə tamaşaçıları ovundurmalıdır. Bunu öyrətmək olmaz, ancaq öyrənmək vacibdir. Məşqçilərin də bir nömrəli vəzifəsi gənclərdə öyrənmək istəyini oyatmaqdır. Belə olan halda itkilərimiz də az olar...