Stereotip qıran adam - Mahir Emreli
- 03 Fev 2022 10:26
- 965
İki aydı davam edən “Emreli-Legiya” serialı başa çatdı. O, artıq “Dinamo”nun oyunçusudu.
Bu keçidlə Mahir Emreli eqosunu bir daha sübut elədi, özünə, verdiyi qərara necə sadiq qalmağın yolunu hamıya göstərdi. Böyük sayğını haqq edir. Adam rəsmən sistemə qarşı gedərək ən azı bizdə formalaşan futbol stereotiplərindən birini darmadağın etdi.
“Azarkeş həmişə haqlıdı”.
Bəli, haqlıdı. Amma bu haqq onu qarşısındakına zor tətbiq edəcək qədər deyil.
“Eybi yox, azarkeş vurar da, döyər də, qoy, qayıdıb özünü onlara sübut etsin”. Kimə sübut etsin? Bir qrup başsız dəliyə, ya əvvəliylə axırı düz gəlməyən komandaya, ya öz futbolçusunu klub avtobusunun içində döyməsinə imkan verən, hətta buna vəsilə olan kluba? Niyə? Heç bir izahı yoxdu.
Biz futbol camiəsi olaraq bəzi məsələlərə baxış bucağımızı artıq dəyişməli, əlimizdə olanların dəyərini bilməli, sayğı göstərməyi bacarmalıyıq. Azərbaycan futbolu deyilən bu səhrada nadir yaşıllıqlardan olan Mahir Emreliyə məhz bu məqamda sahib çıxmalı idik. O bunu bizdən gözləyirdi. Bəli, “Legiya” böyük, tanınmış və tarixi olan klubdu. Ancaq Mahir Emreli də bizim yeganə ümid yerimiz, ən yaxşımızdı. Ona göstərilən münasibət səhv idi və o da ən doğru addımı ataraq başqa – daha yaxşı kluba transfer olundu. Əsl peşəkar kimi davrandı, tərzini qoruyub “Legiya” barədə pis heç nə danışmadı, son günə qədər səbrli davrandı, yüz ölçüb, bir biçdi. Nəticəsini dünən gecə gördük. Bravo!
Biz hansısa futbolçumuzu tərifləməyi xoşlamırıq, buna öyrəşməmişik, düz də hesab etmirik. “Birdən ulduz xəstəliyinə tutular”. Başqaları ilə bağlı yəqin ki düz edirik, ancaq məhz Mahir həyatını ulduzlar arasında keçirib, şou-biznes məkanında böyüyüb, bu xəstəliyin nə olduğunu çox yaxşı bilir. Bəlkə də bu baxımdan ən az problem yaşayacaq şəxs elə Mahir Emrelidi. Hə, ərköyündümü? Bəli. Amma bu həll olunacaq problemdi. Yanında doğru adamlar olandan, doğru məsəhətlər verəndən sonra iş yoluna düşəcək.
İşin meydan tərəfi də maraqlıdı. Zaqreb “Dinamo”su “Legiya”dan dəfələrlə güclüdü, Avropanın futbolçu yarmarkalarının öndə gedənlərindəndi, heyətində inanılmaz rəqabət var. Burada özünü sübut etmək Polşadakından çox daha çətin olacaq. Burada onu birbaşa start heyətə salıb, səhvləri olsa belə bəzən məcburiyyətdən startda oynatmayacaqlar. Azacıq boşluq olan kimi yerini başqası, elə Mahir qədər, ondan da istedadlı birisi tutacaq. Xorvatiyanın ən böyük klubu, regionun ən böyüklərindən biri, avrokubokların ən ön mərhələlərinin dəfələrlə və mütəmadi iştirakçısı, Avropanın diqqət mərkəzində olan “Dinamo”da buna hər an hazır olan onlarla futbolçu var. Əsl Emrelinin gücünü məhz burada görəcəyik. Ancaq bir şey də var ki, “Dinamo” skautları uşaq deyillər və Mahiri transfer ediblərsə, deməli onda nəsə görüblər. Ümid edək ki, hər şey yaxşı olacaq.
Ölkə xaricinə ilk səfərim məhz Zaqrebə olub. “Xəzər Lənkəran”la birlikdə getmişdik tarixi matça. Juninyo uzaqdan əla qol vurmuşdu, oyun əlavə vaxta getmiş, heyətində Modriç, Mancukiç kimi futbolçuların olduğu “Dinamo” böyük çətinliklə yenmişdi təmsilçimizi. Həmin vaxt xorvatlar Zaur Ramazanovu transfer etmək istədikləri açıq şəkildə bildirmiş, ancaq hücumçumuz evindən, anasından uzaqda qala bilməyəcəyini deyib bu keçidə “yox” demişdi. Deməli, qismət Mahirin imiş. Onu Ramazanovdan fərqləndirən əsas cəhət ölkədən kənara çıxmağa razılaşması, bunu problemə çevirməməsidi. Elə yalnız bu fakt Emrelinin yeni nəsil nümayəndəmiz olduğunu söyləməyə imkan verir.
Zaqrebin özü də yadımda müsbət qalıb. Gözəl, kiçik bir cənub şəhəridi, iqlimi mülayimdi, istidi. Küçələrində indiyə qədər tramvaylar şütüyür, tarixi binaları çoxdu, müasir göydələnləri də az deyil, mərkəzi bazarıyla məşhurdu. Bir sözlə, yaxşı, necə deyərlər, yaşanası şəhərdi.
“Maksimir” isə tarixi, yanından keçəndə belə adamı “tərpədən” stadiondu. Xorvatiya ilə Serbiya arasında müharibə məhz bu arenadakı “Dinamo” – “Srvena Zvezda” matçından başlamışdı, nəticəsi çox ağır olmuşdu. Ancaq o günlər artıq arxada qalıb və burada yüksək səviyyəli futbol oynamaq üçün ideal şərait var. Komandanın məşhur “Bad Boys Blue” azarkeş qrupu da öz çılğınlığı ilə məşhurdu, ancaq inanmıram ki, polşalıların etdiyi səhvi təkrarlayalar. Ən azından “Dinamo” klub olaraq buna imkan verməz.
Klassik səslənsə də, sonda deyiləcək cümlə budu: “Fikrini bir yerə topla, başını aşağı sal, futbolunu oyna və uğur özü gələcək”. Bu, yüzlərlə futbolçunun Zaqrebdən daha yaxşı yerlərə, daha böyük klublara getdiyi, keçilmiş, sınanmış yoldu.
Çox çətin olacaq, ancaq ilk addım artıq atılıb.
Kənan Məstəliyev