Stolüstü tennis üzrə millinin üzvləri mükafatlandırıldılar
- 29 Sen 2023 20:36
- 342
Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edən stolüstü tennisçilərimizə bu gün ASTF-nin mükafatları təqdim olunub.
Rekord.az xəbər verir ki, federasiyanın vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova Batumi sınaqlarındakı yüksək nəticələr münasibəti ilə seçmə komandanın üzvlərini təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.
“WTT Youth Contender” turnirində fərqlənən idmançılara və komandanın məşqçilərinə federasiyanın mükafatları təqdim olunub.
Stolüstü tennisçilərimiz bu gün həmçinin, Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan ənənəvi tədbirdə də iştirak ediblər.
Xatırladaq ki, seçmə komandamız Batumi sınaqlarından vətənə 10 medalla qayıdıb. Mərziyyə Nurmətova 15 və 17 yaşadək, Ləman Abdulhəmidova 19 yaşadək, Aylin Əsgərova 17 yaşadək, Yağmur Məmmədli ilə Onur Quluzadə isə 13 yaşadək idmançılar arasında bürünc medal qazanıb. Qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə, Mərziyyə Nurmətova Ləman Abdulhəmidova gümüş, Aylin Əsgərova, Hüseyn Eylazov, Zemfira Mikayılova bürünc mükafata layiq görülüb.
Stolüstü tennisçilərimiz yarış ərzində qarşılaşdıqları 10 erməni idmançısı üzərində inamlı qələbə çalıblar.