Strategiyadan əvvəlki məsələ
- 12:25
- 113
İngilislərin çox məhşur bir hekayəsi var. Bir gün siçanlar pişiyin əlindən təngə gəlir, yığışıb qərar vermək istəyirlər ki, onun zülmündən necə xilas olsunlar. Məclisin sonunda əyləşən siçanlardan biri əlini qaldırıb, “ağıllı təklif” verir. Deyir ki, pişiyin boynuna zınqırov asaq, pişik bizə tərəf gələndə zınqrovun səsindən xəbər tutub, qaçıb gizlənərik. Hamı həmin siçanın təklifini alqışlayır, o balaca siçan da qəhrəmana çevrilir. Qəfildən qocaman siçanlardan biri ayağa qalxıb sual verir, bu sualdan sonra hamının kefinə soğan doğranır. Sual da beləydi: “Bəs pişiyin boynuna o zınqrovu kim asacaq?!”
Əsas məsələ budur. Ağıllı təkliflər vermək asandır, onu həyata keçirmək isə çətin. AFFA-nın İnkişaf Strategiyasıyla az-çox tanış olduq. Əlbəttə ki, devizi “Qələbəmiz hədəflərimizdə, inamımız gənclərimizə!” olan strategiyada xeyli müsbət məqam tapmaq mümkündür. Yetərincə böyük həcmə malik strategiyanı həyata keçirmək mümkün olsa, bundan Azərbaycan futbolu da xeyli qazanacaq, illərdir imici yerlərdə sürünən futbolumuz inkişaf yoluna qədəm qoyacaq. Amma əsas sual həmin siçak-pişik hekayəsində olduğu kimidir. Bu strategiyanı kim və necə həyata keçirəcək? Strategiyanı yazmaq üçün Belçikadan dəvət olunan mütəxəssislər bizim əvəzimizə uşaq akademiyaları tikib, uşaqlarımıza futbolun sirlərini də öyrədəcəklərmi?
Strategiya ilə bağlı aparılan müzakirələri də yaxından izləyəndə görürük ki, “avazın yaxşı gəlir, oxuduğun Quran olsa” məsələsi də ön plana çıxır. Yəni ki, kağız üzərində yazılanlar hamısı yaxşı, faydalı görünür. İndi əsas olan həmin o yazılanların həyata keçirilməsidir. Əlbəttə ki, həyatda hər şey mümkündür. O cümlədən də Azərbaycan futbolunu inkişaf etdirmək. Özü də elə həmin strategiya ilə. Amma baxır ki, bu strategiyanın icrası ilə kimlər məşğul olacaq, prosesi irəli kim aparacaq, ayrılan maliyyənin xərclənməsinə nəzarət mexanizmi necə işləyəcək...
Yenilik köhnənin tamamilə dağıdılması demək deyil. Hə, bir də ki, strategiyanı avropalılara yazdırmışıqsa, futbolumuzun da inkişafı etdirilməsini onlardan gözləyə bilmərik. Çünki Azərbaycan futbolunun öz reallıqları var. Əbəs yerə bir çox məsələlərdə mentalitet məsələsi önə çəkilmir ki. Futbolda mentalitet məsələsi özünü daha qabarıq şəkildə göstərir. Ona görə də futbolçu olmaq istəyən hər bir azyaşlıya fərdi yanaşma vacibdir. Onu da elə bu xalqın içindən çıxan, onun mentalitetinə sahib yerli mütəxəssislər bacaracaq. Sovet futbol məktəbinin dağıldığı ərəfələrdə Azərbaycandan Nazim Süleymanov, Vəli Qasımov, Yunis Hüseynov, Vidadi Rzayev, Dmitri Kramarenko, Samir Ələkbərov kimilər ortaya çıxıbsa, indi daha yaxşı şəraitdə ən azından onlar səviyyəsində olanları yetişdirə bilərik. Vacib olan işə can yandırılması, prosesə düzgün yanaşılmasıdır. Strategiyanın icrasından əvvəl bunu müəyyənləşdirmək daha yaxşı olar.