Yanvarın 29-da dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 95-ci ildönümü ilə bağlı veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər onun məzarını ziyarət ediblər.

Lakin Rekord.az xəbər verir ki, ziyarət edənlər arasında AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik yox idi.

 

Onun etinasızlığı fonunda sözügedən komitənin keçmiş sədri Xaqani Məmmədovun bu tədbirlərdə iştirak etdiyi, mərhum hakimi yad etdiyi xatırlanır.


Stuxlikin ildönümü tədbirinə qatılmamasının səbəbini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi bunun səbəbini bilmədiyini deyib, özündən soruşmaq üçün vaxt istədi. Hər halda, heç bir səbəb Stuxlikin ölkə hakimliyi üçün ciddi bir ad olan Bəhrəmovun ildönümü tədbirinə qatılmamasına bəraət qazandıra bilməz. Komitənin sədrliyinə keçən gündən ölkədə hakimliyin inkişafı yolunda heç bir ciddi addımla yadda qalmayan Stuxlikin bu hərəkətinin səbəbi, yaxud səbəbləri bəhanədən başqa bir şey ola bilməz. ("Futbol plus" qəzeti)