"Sumqayıt" Futbol Akademiyası ilə bağlı ittihama valideyndən sərt reaksiya: "Cəfəngiyyatdır"
- 12 Fev 2020 17:00
- 1209
Bu yaxınlarda mətbuatda "Sumqayıt" Futbol Akademiyası və onun türk direktoru Hakan Sünalla baglı qalmaqallı məlumat getdi. Orada bir qruр valideynin Sünaldan şikayətçi oldugu deyilib, şikayət edilib, qeyd edilib ki, Almaniyadan dəvət edilən mütəxəssis uşaqlar arasında ayrıseçkiliyə yol verir, kasıb ailələrdən çıxanlara diqqət göstərmir. Əvəzində imkanlı valideynlərlə yeyib-içir və onların uşaqlarına daha çox şans verir. Şikayətçilər buna sübut kimi bəzi şəkilləri sportinfo.az saytına təqdim edib.
Həmin fotoda yer alan valideynlərdən biri - Xəyyam Zülfüqarlı "Rekord.az" ilə əlaqə saxlayıb.
Xəyyam bəy saytımıza açıqlamasında məsələyə ətraflı şəkildə aydınlıq gətirib: "Əvvəla ondan başlayaq ki, o şəkildə olanlar kimlərdi. Mən və Hakanı çıxdıq. Fərhad Həsənov akademiyanın meneceridi. Azər Mehtiyev isə əvəzedici komandanın məşqçisi. Yəni heç biri valideyn deyil. Digər iki şəxs isə bəli, valideyndir. Amma hər ikisinin övladı “Lion”da oynayır. Birinin övladı sonradan “Sumqayıt”a keçdi. Amma foto çəkiləndə hər ikisinin övladı “Lion”da çıxış edirdi. O ki qaldı mənə, bəli, mənim oğlum “Sumqayıt” Futbol Akademiyasının futbolçusudur. Amma biz Hakan bəylə bunu müzakirə etmək üçün görüşməmişdik axı. Biz Fərhad müəllim və Azər müəllimlə bir yerdə idik və birdən onlar dedi ki bəs bir nəfər türk qonağımız var, etiraz etməsəniz o da gələr. Biz də demişik, gəlirsə-gəlsin, niyə gəlməsin ki? Mənim də həm Fərhad müəllimlə, həm də Azər müəllimlə tanışlığım uzun illərə söykənir. O vaxt Sumqayıtda “Gənclərbirliyi” komandası var idi. Fərhad müəllim orda çalışırdı, Azər də həmin klubda forma geyinirdi. Mənim atam da o klubun vitse-prezidenti idi. Bir sözlə, futbol ictimaiyyətinin nümayəndələri kimi iş saatından sonra oturub bir tikə çörək yemişik. Hansısa saytın bunu şişirtməkdə məqsədi nədir? Onu da deyim ki, həmin fotoları yayan sayt bundan öncə bizə xəbər göndərib, guya ki xəbərdarlıq eləmişdi. Bu haqda mənə deyəndə dedim ki, çox yaxşı, yayırlar, qoy yaysınlar. Pis nə iş görmüşük ki? İstənilən insanın iş saatından sonra dincəlmək, istirahət etmək hüququ var. O türk də bizim qardaşımızdır, istəmirik ki burda özünü yalnız hiss etsin. Bu fotolar, bu yanaşma nəyə xidmət edir? Bizə xəbərarlıq nə anlam daşıyırdı? Elə ona görə dedim ki, paylaşırlar, qoy paylaşsınlar. Həm orda hansı imkanlı valideyndən söhbət gedir? Bir tikə çörək yemişik də. Yenə deyirəm digər iki valideynin övladı də həmin vaxt “Lion”da çıxış eirdi. Həmin fotodan bir müddət sonra valideynlərdən biri uşağını “Sumqayıt”a gətirdi. Digərinin övladı Nihat Orucəliyev hazırda da “Lion”da forma geyinir.
Mənim övladım Kazım Zülfüqarlı “Sumqayıt” Futbol Akademiyasında forma geyinir. Şər-böhtan atanlar zəhmət çəkib AFFA-dan oyunların statistikasını götürsünlər. Mənim oğlum bu günə qədər 18 oyunda start heyətində meydançaya çıxsa da, heç birində 50 dəqiqənin hamısını meydançada keçirməyib. Digər oyunlarda da meydançaya ikinci hissədən daxil olub. Mənim Hakan Ünalla elə münasibətim varsa, elə mənim övladımı bütün oyunlarda 50 dəqiqə oynadardı da. Bir sözlə yazılanlar və deyilənlər cəfəngiyyatdır. Təəssüf ki, bu gün bizim idman mediasında yalana, şantaja, hədə-qorxuya çox yer verilir. Jurnalistika bu deyil. Lap belə bir yazı gedirdisə, ən azı qarşı tərəfin də mövqeyi öyrənilməli idi. Jurnalistika prinsipləri bunu tələb edir. Həm bunu yazan şəxs arada gəlib “Sumqayıt” Futbol Akademiyasında görülən işlərlə də tanış olsun. Görsün ki, Hakan bəy hansı işləri görür. Hər komandada 3-4 məşqçi çalışır, “B” komandalarımız yaradılır, milli komandalara gedən futbolçularlmlzln sayı artıb. Gəlib, bundan da yazmaq lazımdır, nəinki kiməsə çamur atmaq".