“Sumqayıt” Futbol Akademiyasının karantinli günləri: ciddi nəzarət, online məşq
- 22 Apr 2020 12:00
- 1646
Məlum olduğu kimi pandemiya səbəbindən tək böyüklər yox, uşaqlar da futbolsuz qalıb. Uşaq liqaları dayandırılıb, komandalar qeyri-müəyyən müddətə evə buraxılıb. “Sumqayıt” Futbol Akademiyası da futbolsuz günlərini yaşayır. “Kapital Bank Arena”nın qapıları hələ ki, uşaqların üzünə bağlıdır. Bununla belə, uşaqların nəzarətsiz qaldığını demək olmaz. Akademiyanın U-9 komandasının baş məşqçisi Orxan Abdullayevin Rekord.az-a verdiyi məlumata görə, karantin rejimi olmasına baxmayaraq, uşaqlar ciddi nəzarətdədir və onlarla online məşqlər aparılır: “Pandemiya əlbəttə, bütün iş planımızı pozdu. Hazırda bütün komandalar və məşqçilər evdədir. Ancaq çətin dönəmə baxmayaraq, əlimizdən gələni edirik ki, uşaqlar formadan tam düşməsin.Mənim çalışdırdığım U-9 komandası bu mövsüm çox uğurlu çıxış edir və pley-off mərhələsinə vəsiqə qazanmışdı. Şübhəm yox idi ki, çempion olacaqlar. Ancaq məlum səbəbdən çempionat dayandı. Hazırda uşaqlarla məşqləri online şəklində aparırıq. Bundan başqa, mən tapşırıqlarımı verirəm və uşaqlar həm yerinə yetirir, həm də videoya çəkib mənə atır. Mən də baxıram hansısa səhv olanda düzəliş eliyib onların diqqətinə çatdırıram. İnanıram ki, uşaqlar bu gedişlə formalarını qoruya biləcəklər".