Sumqayıt Regional Voleybol Klubundan baş məşqçi ilə bağlı yaşanan qalmaqala REAKSİYA
- 09 İyl 2024 11:00
- 322
Sumqayıt Regional Voleybol Klubunda yaşanan qalmaqalla bağlı məlumat vermişdik. Belə ki, klubun baş məşqçisi olmuş Dilqəm Qəhrəmanov işindən kənarlaşmış və bunu ona qarşı özünün təbirincə desək, "torba əməliyyatı" adlandırmışdıı. Yəni klubun rəhbərliyi Qəhrəmanovun köməkçisi olmuş Mətanət Cəfərova ilə birləşib baş məşqçiyə quyu qazıb.
Rekord.az olaraq, məsələdə adı hallanan Sumqayıt Regional Voleybol Klubunun direktoru Azər Kərimovla əlaqə saxladıq.
Kərimovun baş verənlərə münasibəti belə oldu: "Biz 2023-cü ilin sentyabr ayında Dilqəm müəllimlə müqavilə bağladıq. 2024-cü il iyunun 30-da həmin müqavilənin müddəti başa çatdı. Amma biz həmin müddəti iyulun 31-ə kimi uzatdıq. Yəni bu şəxsin hazırda da bizimlə müqaviləsi davam edir və biz heç kimi işindən kənarlaşdırmamışıq. Əgər Dilqəm müəllimi göndərmək fikirimiz var idisə, o zaman niyə onun müqavilənin müddətini iyulun 31-ə kimi uzadırdıq? Yəni belə bir niyyətimiz olmayıb. Sadəcə, voleybolun səviyyəsini daha da qadırmaq üçün qız və oğlan komandalarını ayırmaq qərarına gəldik. Yəni bu iki komandaya eyni məşqçi yox, ayrı məşqçilər rəhbərlik eləsin. Dilqəm müəllimə də təklif olundu ki, maaşı da olduğu kimi saxlanılmaq şərti ilə, yalnız oğlanlardan ibarət komandada çalışsın. Digər komandalarda da bu sistem var. Əgər təklifimizi qəbul etsəydi, iyulun 31-də onunla növbəti yeni müqavilə bağlanacaqdı".
Azər bəy Qəhrəmanovun yerinə hələ ki, yeni məşqçi götürmədiklərini dedi və səbəbini belə izah etdi: "Dilqəm müəllimlə bir daha görüşüb danışmağa çalışacayıq. Düzdür, indiki halda bu, çətin görünür. Amma biz buna cəhd edəcəyik ki, bu məsələ ilə bağlı yenidən onunla görüşək".