Sumqayıt stadionuna 100 min borc necə yığılıb?
- 27 Sen 2024 15:00
- 244
Hazırda ölkə futbolunda gündəm olan mövzulardan biri də "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunun qaza 100 min manat borcunun olması ilə bağlıdır.
Rekord.az xəbər verir ki, gələn həftə bu stadionda Konfrans Liqasının oyunu keçirililəcək və Minsk "Dinamo"su Şotlandiyanın "Harts" klubunu qəbul edəcək.
Beynəlxalq oyun öncəsi hələ də bu problemin davam etməsi ölkənin imici üçün də yaxşı hal deyil. Hər halda, iki əcnəbi komanda payız vaxtı buradakı oyundan sonra yuyunmağa isti su tapmasa, sözün əsl mənasında biabırçılıq olacaq və bu məsələ istər-istəməz Avropa mediasına da çıxacaq. Bəs görəsən, bu qədər borc yeni istifadəyə verilmiış stadiona necə yığılıb? Hər halda, 100 min manat o qədər də az rəqəm deyil. Məlumat üçün deyək ki, bu borc 3-5 ayın borcu deyil. 100 min manat stadionun tikintisi aparılan gündən yaranmağa başlayıb. Xüsusilə də suvaq və mala işlərindən sonra divarların quruması üçün istilik sisteminin davamlı olması vacib idi. Bu səbəbdən də tikinti davam etdiyi müddətdə stadiona davamlı istilik verilib. Nəzərə alısaq ki, tikinti də 4 ilə yaxın davam edib, burdan belə qənaətə gəlmək olur ki, bugünkü 100 min həmin 4 ilə yığılan borcdur. Eyni zamanda həm də o qənaətə gəlmək olur ki, stadionu şəhər icra hakimiyyəti tikdiyi üçün, borc da onların ayağına yazılmalıdır. Bu gün ayda cəmi iki dəfə stadiona ayaq basan və tikinti işlərində heç bir halda iştirak etməyən "Sumqayıt"dan bu qədər borcun ödənilməsini tələb etmək absurd və gülünc olardı.