“Sumqayıt”da nə baş verir?
- 29 İyn 2020 15:00
- 1318
Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sumqayıt”da sanki durğunluk hökm sürür. Halbuki, Avropada oynamaq şansı qazanan komandada başqa əhval-ruhiyyə olmalı idi. Ən əsası, komandada canlanma yaşanmalıdır. Təəssüf ki, “Sumqayıt”da tamam başqa vəziyyət hökm sürür. Aparıcı futbolçulıar bir-bir komandanı tərk edir. Öncə Əmir Ağayev getdi, Ardınca, Şəhriyar Əliyev də “Keşlə”yə keçdi. Aleksey İsayevin gedişi hələ daha öncədən məlum idi. Böyük ehtimalla icarə müddəti başa çatan Peyman Babayi də İrana qayıdacaq. “Qarabağ”dan icarə əsasında gələn Elvin Cəfərquliyevin qalıb-qalmayacağı da hələlik məlum deyil. Adları sadalananlar hamısı “Sumqayıt”ın əsas heyət üzvləridir. Avropaya vəsiqə qazanan klub aparıcı futbolçularını bir-bir itirirsə, bu, heç də yaxşı sonluqdan xəbər vermir. Ən pisi də odur ki, gedənlərinm yerinə yeni futbolçular da alınmayıb. Ola bilsin kimlərləsə danışıq gedir. Amma fakt odur ki, bugünə kimi normal bir rəsmi transfer reallaşmayıb. Həm açığı, normal transferin olacağı da inandırıcı deyil. Məsələn, Şəhriyar Əliyev “Keşlə”yə keçir. Bu, o demədir ki, “Sumqayıt”ın ən azı “Keşlə” səviyyəsində futbolçuya verəcək pulu yoxdur. Nəzərə alaq ki, hələ “Keşlə”də büdcə azalması olub. Bu mənada özünüz düşünün, “Sumqayıt”ın hazırkı büdcəsinə uyğun hansı futbolçunu alacaqsan ki, onunla çıxıb Avropada uğurlu nəticə qazanasan. Görünən budur ki, ya “Sumqayıt” heyətlə bağlı komplektləşmədə yubanır, çünki artıq iyun ayı bitmək üzrədir və zaman getdikcə daralır. Ya da klubun sponsoru olan “Azərkimya” avrokuboklarda uğurlu çıxış üçün əlavə büdcə ayırmır. Hansı variantın daha real olduğunu deyə bilmərik. Bildiyimiz odur ki, hazırkı durğunluq qısa zamanda pozulmasa, komanda üçün Avropa Liqasında heç də asan olmayacaq.
Anar XANLAROV