"Sumqayıt"ın iranlısı Azərbaycan millisi haqda düşünmür
- 17 Dek 2019 17:54
- 805
Sumqayıt"ın cənubi azərbaycanlı futbolçusu Peyman Babayi Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda açıqlama verib.
Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu qələbəni şərh edib: "Kubok iki oyundan ibarətdir. Əsas nəticə cavab oyunundan sonra bəlli olacaq. Qol epizodlarında da yararlanmaq istəyirdik. Düşünürəm ki, çox yaxşı oynadıq.
Qol şanslarımız da oldu. Sevinirik ki, qələbə qazandıq. Kubok iki matçdan ibarətdir. Evdə də oyunumuz olacaq. Səfərdə yaxşı çıxış etdik. Ümid edirəm ki, öz evimizdə də bunu bacaracağıq".
İranlı oyunçu bəzi qol epizodlarından yararlana bilmədiklərini söyləyib: "Həmin şansları qola çevirə bilərdik. 2-3 dəfə hesabı artırmaq imkanı oldu. Bu futboldur. Bəzən belə hallar olur. Rəqib də "Neftçi" idi. Azərbaycanda ən yaxşı komandalar biridir. Ümid edirəm ki, öz meydanımızda da yaxşı oynayarıq".
Peyman Babayi Premyer Liqanın hər iki dövrəsində "Neftçi"yə uduzduqlarını xatırladıb. O, məşqçilərin rəqibi yaxşı analiz etdiyini vurğulayıb: "Rəqib yaxşı analiz olunmuşdu, biz də düzgün oynadıq.
Ona görə yaxşı oynadıq və istəyimizi edə bildik. Çempionatdakı görüşlərin revanşını düşünmürdük. Biz peşəkar futbolçularıq. Meydanda hər şey ola bilər. 90 dəqiqə nə baş verirsə, bu, meydanda qalır".
Forvard yarımfinala yüksəlmək şanslarından danışmağın tez olduğunu deyib: "Futbolda hər şey ola bilər. Çalışacağıq ki, Sumqayıtda da yaxşı oyun sərgiləyək və məşqçilərin dediklərini matçda reallaşdıra bilək".
Babayi Azərbaycan millisində oynamaq ehtimalından danışıb: "Mənim "Sumqayıt"la müqaviləm var. Çalışıram ki, komandama köməklik edəm. Hələ ki, milli barədə düşünməmişəm. Baxaq görək, gələcəkdə nə olacaq".