Qadın voleybolçular arasında Azərbaycançempionatında II dövrə start götürüb. "Rekord.az" xəbər verir ki, Super Liqasının IV turunun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Günün ilk görüşündə “Murov” və “Azərreyl” kollektivləri üz-üzə gəliblər. Matç Vüqar Əliyevin yetirmələrinin üstünlüyü ilə başlayıb. Əsasən gənclərdən qurulan komanda “Azərreyl”ə ciddi müqavimət göstərib. İlk hissəni 27:25 hesabı ilə qalib gələn komanda ardınca 25:27 hesabı ilə uduzub. Üçüncü hissə də “Murov”un xeyrinə başa çatıb - 25:22. Dördüncü setdə Famil Ağayevin komandası 25:21 hesabı ilə hissələrin fərqini bərabərləşdirib. Lakin onlar tay-brekdə 14:16 hesabı ilə məğlub olublar. 3:2 (27:25, 25:27, 25:22, 21:25, 16:14) hesablı qələbə “Murov”un mövsümdə ilk qalibiyyəti olub.

Ardınca "UNEC"lə “Abşeron” gücünü yoxlayıb. Bu qarşılaşma da gözlənilməz nəticə ilə başlayıb. "UNEC" lideri ilk setdə 25:23 hesabı ilə məğlub edib. Lakin bundan sonra təşəbbüsü ələ alan Eldar Yusubovun komandası ardıcıl 3 hissəni hesabına yazaraq məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib - 3:1 (23:25, 25:12, 25:18, 25:7).

Beləliklə, IV turdan sonra “Abşeron” 12 xalla turnir cədvəlinin ilk pilləsindəki yerini qoruyub. İkinci yerdə gedən “Azərreyl” liderdən 5 xal geri qalır. “Murov” qələbə sayəsində xal ehtiyatını 3-ə çatdıraraq 3-cü yerə yüksəlib. Sonuncu yerdə olan "UNEC" klubunun isə 2 xalı var.