Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunlarının başlama günü və keçirilmə yeri dəqiqləşib. "Rekord.az" xəbər verir ki, 15-16 fevral tarixlərində baş tutacaq görüşlər ilk dəfə paytaxtdan kənarda təşkil olunacaq.

Federasiya rəhbərliyinin qərarına əsasən, mövsümdə ilk dəfə matçlar Qubada keçiriləcək. Bununla da bölgələrdə voleybolun inkişafına təkan verəcək təbliğata start verilir. Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdir. Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır.

Qubada qarşılaşmalara Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzi ev sahibliyi edəcək. Fevralın 15-də də günə məhz UNEC-in oyunu ilə start veriləcək. Onlar “Azərreyl”i sınağa çəkəcəklər. Ardınca “Murov”la “Abşeron” üz-üzə gələcək.

Ertəsi gün “Abşeron” UNEC-lə, “Azərreyl” “Murov”la qarşılaşacaq.

Qeyd edək ki, oyunlar saat 16:00-da və 18:00-da start götürəcək.


Azərbaycan Super Liqası
15 fevral

   16:00 UNEC – “Azərreyl”
   18:00 “Murov” – “Abşeron”

16 fevral
   16:00 “Abşeron” - UNEC
   18:00 “Azerreyl” – “Murov”