Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirildi
- 21 Sen 2022 15:43
- 508
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, AŞF-nin prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Türkiyə Şahmat Federasiyasının prezidenti Gulkız Tülay, digər rəsmi şəxslər və şahmatçılar iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca isə turnirin tanıtım videosu böyük monitorda nümayiş olunub.
Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada – kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri – üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FIDE dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edəcək.
Qadınların yarışında milli komandanın üzvləri – Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Yolanta Zavadska (Polşa), yeniyetmələr arasında dünya çempionu Meri Arabidze (Gürcüstan) vəTürkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaq.
“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin baş sponsoru SOCAR, sponsoru Azərbaycan Beynəlxalq Bankı, tərəfdaşlarından biri isə “Azərxalça” ASC-dir. Yarışa sentyabrın 24-də yekun vurulacaq.