Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib
- 26 Sen 2024 19:30
- 331
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 10-cu dəfə keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.
Rekord.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimi Şuşa otelində olub.
Əvvəlcə Şuşa rayonunda Azərbaycanın xüsusi nümayəndəliyinin baş məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək qonaqları salamlayıb.
Sonra Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib. Ardınca Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb.
Mahir Məmmədov Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd etməklə turnirin böyük tarixə malik olduğunu bildirib.
Əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələdə baş tutan Vüqar Həşimov Memorialının tarixi anlarını əks etdirən video göstərilib. Bundan sonra isə söz Memorialın Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimova verilib. O, ailəsi adından turnirin ənənəvi olaraq hər il keçirilməsinə dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Açılış mərasiminin sonunda Vüqar Həşimov Memorialının baş hakimi Rauf Hacılı şahmatçılara qaydalar barədə məlumat verib. Sonra püşk mərasimi təşkil olunub. Şahmatçılar xüsusi saatları seçərək sıra nömrələrini müəyyənləşdirib.
Rapid yarışında 1-ci turda rəmzi olaraq ilk gedişləri Qasım Həşimov, Mahir Məmmədov, Paraolimpiya Oyunlarının ikiqat qalibi, dəfələrlə dünya və Avropa çempionu İlham Zəkiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev edib.
Qeyd edək ki, turnirdə Azərbaycanı üç şahmatçı təmsil edir. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır. Turnirdə eyni zamanda Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparırlar.
Yarışın qalibi rapid və blits üzrə oyunların nəticələrinin cəminə əsasən müəyyənləşəcək.