Şuşanı təmsil edəcək reqbi komandası Gürcüstana səfərə hazırlaşır
- 05 Okt 2022 11:19
- 410
Oktyabrın 8-də Şuşa şəhərini təmsil edən "Qarabağ" reqbi klubunun 2010-2011-ci il təvəllüdlü oğlanlardan ibarət komandası Gürcüstanin Tbilisi şəhərində mərhum reqbi məşqçisi Sulxani Sulxanişvilinin xatirəsinə həsr olunacaq ənənəvi beynəlxalq reqbi turnirində iştirak etmək üçün yola düşəcək.
Rekord.az xəbər verir ki, Olimpiya növü olan reqbi-7 üzrə son ölkə çempionu "Qarabağ" ötən il həmin yarışda iştirak etmişdi və yekunda "Ən mubariz komanda" nominasiyasında xüsusi hədiyyə qazanmışdı.
Bu dəfə yarış hərəsi dörd komandadan ibarət olan 2 qrup üzrə keçiriləcək, qruplarda ilk iki pillənin sahibləri yarımfınal və final oyunlarına vəsiqə qazanacaqlar. Yarış 1 gün ərzində keçiriləcək. Yeniyetmə reqbiçilərimiz şənbə günü səhər Tbilisiyə yola düşəcək, həmin gün axşam isə vətənə dönəcəklər. "Qarabağ" RK 2015-ci ildən fəaliyyət göstərir. Klubun təsisçisi və rəhbəri əslən Şuşa şəhərindən olan Eldar Kərimov, idman direktoru hazırda Azərbaycan Reqbi Federasiyasının prezidenti olan Raqif Hüseynli, baş məsqçisi Nizami Mahmudov, məşqçisi isə İlqar Qubadovdur. Adları sadalanan mütəxəssislər World Rugby level 1 beynəlxalq dərəcəli məşqçi sertifikatlarının sahibidirlər, reqbi üzrə Azərbaycan milli yığma komandanın və bir sıra xarici klubların üzvü olublar.