Tahir Süleymanov: “15 ildir "eyni dalğa, eyni koordinatdır" YAZI
- 07 Mar 2020 11:00
- 800
Milli adı ağır, məsuliyyət deməkdir. Qürur mənbəyidir, olmalıdır. Şəxsi istəklərlə nə milli münasibət olur, nə də milli komanda. Milli - bütöv Azərbaycan deməkdir!
Baş məşqçi müzakirələri səngimək bilmir. Futbol ictimaiyyəti bir fikir söyləyir, səlahiyyətlilər isə 32 keyfiyyətli futbolçusu olmayan yığmaya 32 əcnəbi məşqçi arasından seçim edir...
Futbolda baş məşqçi amili böyük rol oynayır. Futbolu, kifayət qədər futbolçusu olan ölkələrdə... Belə yanaşma Türkiyə, Rusiya, Portuqaliya, Xorvatiya, Belçika, Hollandiya və bu kimi digər ölkələrdə keçərlidir...
Luçesku və başqaları bacarmadı, Şenol Günəş Türkiyə, Çerçesov Rusiya millisini qaldırdı. Eynilə digər ölkələrdə... Çünki, ifrastruktur, stabil çempionat, futbolçu potensialı var. Belədə baş məşqçi bacarığı ön plana çıxır...
İslandiya nümunəsi də var. Burada artıq strateji ümumi futbol təsərrüfatında islahatlar önəmlidir. Ələ götürüldü və qısa müddətdə inkişaf yolu keçildi. Olmayan yerdə "hər şey baş məşqçidən asılıdır" düşüncəsilə Berti Foqtsu gətirsəydilər, Azərbaycan futbolunun gününə düşərdilər...
15 ildi gedilən səhv yolun ləpirləri qurumamış eyni addımlar yenidən atılır. Elə futbol yıxıla-yıxıla az-çox futbol təcrübəsi topladıqdan sonra Elxan Məmmədov da "Təkbətək"də etiraf etdiyi kimi: "Baş məşqçilər gəlirlər, onları ümumi futbol düşündürmür, ancaq özlərini fikirləşirlər"...
10 ildən artıq müddətdə nəhayət ki, doğru fikirə gəldikdən sonra 32 namizəd arxasınca düşməyin nə adı var?! Torresdən Yurçeviçə kimi gələnlər, gətirilənlər nə etdilər ki, bə(ya)ziləri də gəlib nə edəcək?! Yenidən zaman, milyonlar itiriləcək...
Yenə "təbliğat maşını" öz işindədir. "Çırtdan" Lüksemburq futbolu inkişafdadır. Bəs Azərbaycan futbolu niyə inkişafda deyil?! Sabah meydana çıxacaq futbolçuların əksəriyyəti deyir ki, qrupda lider ola, mübarizə apara bilərik. Doğru yanaşmadı və alqışalayiqdir...
İllərdi məğlubiyyət psixologiyasını ölkə futboluna sırıyan bir çox mütəxəssis, yarınıb-yarınmayanlar da bir ağızdan car çəkirlər, "rəqiblər güclüdür". Dəstək vermək, qələbə ruhunu aşılamaq əvəzinə, futbolçularda olan-qalan istək də öldürülür. Belədə onlardan nə nəticə tələb oluna bilər...?!
Az qalınır FİFA, UEFA-ya müraciət edilsin, Monqolustanı, Banqladeşi qrupa gətirin. Bilmək olmaz, onlara da bəy tərifi yağdırıb "əsas" tapılar... Almaniya, Ingiltərə, İspaniya, İtaliya güclüdü, başadüşüləndi. Millətlər Liqasında şans yaradılıb, zəiflər arasında oynayın, inkişaf edin... Niyə ağlaşma qurulur, pul, şərait yoxdu...?!
Bu günlərdə AFFA ilə geniş futbol ictimaiyyətinin görüşü keçirildi. Çox yaxşı, belə tədbirlər tez-tez olmalıdır. Müzakirələrin keyfiyyət dərəcəsi isə düşündürücüdür. Ölkə futbolunun qlobal problemləri əvəzinə, təqaüd, iş istənilməsi gündəmə çıxarılır...
Lippert, stuxliklərə ödənilən aylıq maaşlarla ölkə futbolunda az-çox əməyi olmuş bütün veteran futbolçu, hakimlərin "optovoy" təqaüdlərini həll etmək olar. Belə görüşlərdə ümumi futbolla bağlı daha önəmli debat, müzakirələr aparılmalıdır...
Müasir tələblərə cavab verən Lənkəran, İmişli, Yevlax, Zaqatalada olan ifrastruktur böyük futbolsuz qalıb. Banişevskinin ruhu Masallı stadionunda imdad edir. Şirvan, Bərdə, Qazax, Quba, Qusar... və digər bölgələrimizin gözü yaşlı qalıb... Uşaq futbolundan tutmuş klubların bərpasına kimi problemlər başdan aşır...
Konfransdan sonra yeni vəzifələrlə futbola tam fərqli yanaşma olmalı idi. İlk olaraq baş məşqçi məsələsi yox, ölkə futbolunun mövcud bataqlıqdan çıxarılma yolları axtarılmalı, bu yöndə ciddi müzakirələr aparılmalı, addımlar atılmalı idi. Heç ilkin konturlar da görünmür...
Bunun əvəzinə Berlində "futbolçu yetişdirənlər", "əcnəbi gəlsin" deyir. Onsuz da milli, daha doğrusu, yığma baş məşqçisiz qalmayacaq, kimsə gətiriləcək. Bununla Azərbaycan futbolu düzələcəkmi? Ölkə futbolunun dərdi baş məşqçi məsələsi deyil, daha dərindir, daha əhatəlidir...
Nə qədər bərbad durum yaradılsa da, heç olmasa bundan sonra düzgün düşünülsün, futbola baxış bucağı dəyişilsin, yeni, tutarlı layihələrlə sabaha ümid yaransın, əməli addımlar atılsın... Əks halda növbəti 2-3 il də belə itiriləcək...
15 ildir "eyni dalğa, eyni koordinatdır", Torres gedir, Foqts gəlir, Prosineçki gedir, Yurçeviç gəlir... Dəyişən, bu illər ərzində heç tarixdə ölkə kimi izi olmayan Kosovo kimilər vurub keçir, Lüksemburqu futbol oynamağı öyrənir, Tacikistanın 17 yaşlıları dünya çempionatına qatılır...
Düşünün... Onsuz da futbol vəzifələri zəbt edilib. Düşünün, düşünün ki, heç olmasa futbolda dönüş yaratmaqla bir balaca iziniz də qalsın. Düşünməyən beyinlərlə, bəy tərifləri ilə, "baş üstə"lərlə, futbol iddiası, bacarığı olmayanlarla futbol irəli gedə bilməz!
Anar XANLAROV