Tahir Süleymanov AFFA-nın iş təklifini rədd etdi
- 09 Okt 2019 11:00
- 1189
Son aylarda fəaliyyəti kəskin tənqid olunan AFFA rəhbərliyi əleydarlarını susdurmaq və ya zərərsizləşdirmək yolunda cəhdlərini davam etdirir. Bu qəbildən növbəti addım veteran futbolçu Yunis Hüseynovun federasiyada işlə təmin edilməsi oldu.
Rekord.az xəbər verir ki, demə, ötən həftə AFFA-da bir yox, iki posta yeni təyinat olmalı imiş.
Yunis Hüseynovun texniki direktor Bernard Lippertə müavin təyin olunması ilə yanaşı daha bir futbol adamı assosiasiyadan iş təklifi alıb.
Söhbət beynəlxalq dərəcəli hakim, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovdan gedir. Sadəcə, Yunis Hüseynovdan fərqli olaraq keçmiş hakim baş katib Elxan Məmmədovun məqsədli təklifindən imtina edib.
Süleymanov ötən həftə AFFA-da olub, Elxan Məmmədovla iki saata yaxın söhbət edib. Lakin sonda heç bir razılaşma əldə olunmayıb. Xatırladaq ki, Tahir bəy ötən il Hakimlər Komitəsində çalışmaqdan da imtina etmişdi.
İllərdir heç kimi yada salmayan, vəziyyətin qarışdığı bugünlərdə əsl futbol adamlarına qapı açan, bəzilərini sıradan postlara, daha nüfuzluları nisbətən önəmli vəzifələrə təyin etmək istəyən baş katib bu addımla süni sakitlik yaratmaq niyyətindədir. Müntəzəm olaraq sosial şəbəkələrdə və mediada AFFA-nın fəaliyyətini kəskin tənqid edən Tahir Süleymanova da məhz bu səbəbdən artıq 2-ci dəfə federasiyadan vəzifə təklif olunub. (sportinfo.az)