"Tam olaraq yarışa köklənmişik"
- 31 İyl 2023 21:14
- 321
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatına hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırda təlim-məşq toplanışını paytaxtda keçən komandamızın üzvü Marqarita Stepanenko hazırlıq prosesi haqqında danışıb. Hücumçumuzun fikirlərini təqdim edirik:
“Avropa çempionatına hazırlıqlarımız yaxşı gedir. Təlim-məşq toplanışına Azərbaycanda başladıq. Sonra Bosniya və Herseqovinaya getdik və orada üç yoldaşlıq oyunu keçirdik. Qarşılaşmalarda məşqçimizin tapşırıqlarını yerinə yetirdik, çatışmazlıqları müəyyən etdik. Həmin problemlərin aradan qaldırılması üzərində çalışırıq, zəif tərəflərimizi düzəldirik.
Hazırda Bakıdayıq. Burada da yoxlama oyunlarımız olacaq. Sabah Belarusla ilk yoxlama matçına çıxacağıq.
Hazırlıq prosesi və fitnes proqramı yüksək səviyyədə keçir. Fərqli sistem və taktikalarla məşq edirik. Bütün məşqçilər korpusu bunun üçün əlindən gələni edir. İnanıram ki, biz də məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirəcəyik. Tam olaraq yarışa köklənmişik. Qarşıdakı yoxlama oyunları hansı elementlər üzərində daha çox çalışmalı olduğumuzu göstərəcək və Avropa çempionatına kimi bütün çatışmazlıqları aradan qaldırmağa imkan yaradacaq.
İnanıram Avropa çempionatında tam gücümüzlə oynayıb qrupdan çıxacağıq. Bunun üçün hər bir oyunçumuz əlindən gələni edəcək".