Tanınmış hakim Azərbaycanda cüdo seminarı keçəcək
- 24 Yan 2022 15:45
- 625
Cüdoda tətbiq edilən yeni qaydalarla bağlı seminar keçiriləcək.
Rekord.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası 24-25 yanvarda Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022-2024 Olimpiya dövrü üçün elan etdiyi yeni qaydalarla bağlı seminarlar təşkil edəcək.
Gürcüstanlı beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidze tərəfindən keçiriləcək seminarlarda hakimlərlə yanaşı, Azərbaycanın milli yığma komandalarının məşqçiləri və idmançıları, həmçinin müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının məşqçiləri iştirak edəcəklər. İki gün davam edəcək seminarların ilk günü Olimpiya stadionunda yerləşən "Neftçi" İdman Klubunun təlim məşq mərkəzində, ikinci günü isə “Atilla” və “Cüdo 2012” İdman Klublarının təlim məşq mərkəzlərində keçiriləcək.
Seminarların əsas məqsədi Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi son dəyişikliklərin, hakimlər, məşqçilər və idmançılar tərəfindən mənimsənilməsidir.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidze Avropa, dünya çempionatları və Olimpiya Oyunlarının final mərhələlərini idarə edib. O, 2017-ci ildə Avropa Cüdo Birliyi tərəfindən ilin ən yaxşı kişi hakimi seçilib.