Milli Olimpiya Komitəsinin (MOK) inzibatı binasınada Atletlər Komissiyasının üzvləri onlara müraciət edən idmançılarla bir araya gəliblər.

Rekord.az xəbər verir ki, əvvəlcə komissiyanın sədr müavini, taekvondoçu Fəridə Əzizova bu il ərzində görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

O, Atletlər Komissiyasının qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə reallaşdırdığı “Qəhrəmanların varisləri” adlı layihənin nəticələrindən bəhs edib. Əzizovanın sözlərinə görə, layihəyə cəlb olunan 34 uşaqdan 17 nəfəri fəal şəkildə idmanla məşğul olur. Digər uşaqlar isə tədrislə əlaqədar layihədən uzaqlaşıblar. Taekvondoçu qarşıdakı illərdə daha çox uşaqla layihəni davam etdirəcəklərini bildirib.

Görüşdə iştirak edən idmançılar - yunan roma güləşi üzrə olimpiya mükafatçısı Rafiq Hüseynov, taekvando üzrə ikiqat dünya çempionu Milad Beigi Harçeqani və Azərbaycanın tanınmış kikboksçusu, dəfələrlə Avropa və dünya çempionu olmuş "Ağ canavar" ləqəbli Eduard Məmmədov onları narahat edən məsələləri komissiya üzvlərinin diqqətinə çatdırıblar.

Qərara alınıb ki, budəfəki müraciətlərlə bağlı hər hansı fəaliyyət haqqında yaxın günlərdə idmançılara məlumat verilsin. İclasda komissiyanın yeni üzvü, bədii gimnast Zöhrə Ağamirova da iştirak edib.

Komissiyanın sədri cüdoçu Rüstəm Orucov (cudo), sədr müavini Fəridə Əzizova, üzvləri isə Zöhrə Ağamirova, boksçu Kamran Şahsuvarlı, atlet Nazim Babayev, keçmiş yunan-Roma güləşçisi Rəsul Çunayev və üzgüçü Fatimə Əlkərəmovadır.