Tanınmış şahmatçımız: "Məğlub olduqdan sonra dəfələrlə “əlvida” dediyim vaxtlar olub”
- 05 Avq 2020 16:00
- 1141
Xanım Balacayeva Qax rayonunda anadan olub. 18 yaşından Beynəlxalq dərəcəli qrossmeyster (WGM) olan Xanım, Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.
Təxminən 5 yaşından başlayaraq şahmat oynamağa başlayan şahmatçı, 14 ildir ki, bu işlə məşğuldur. Dünyada, eləcə də ölkəmizdə bir çox uğurlara imza atan xanım şahmatçı, bu idman növünün çətinlikləri barədə Sputnik Azərbaycan-a danışıb: “Anam və atam şahmatçı olub. Uşaqlıqda Aynur Sofiyevanı kumir olaraq seçmişdim. Amma sonralar o, siyasətlə məşğul oldu. İndi isə daha çox kişi şahmatçılarını izləyirəm. Onların içində vəfat edənləri də var. Məsələn, 1946-cı ildə dünyasını dəyişən tanınmış rus şahmatçısı Aleksandr Alyoxinin oyunlarını öyrənirəm. Hazırda şahmatdan uzaqlaşan Anatoli Karpovun oyunlarını izləyirəm. Hazırki dünya çempionu Maqnus Karlseni də izləyirəm. Azərbaycanlılardan isə Şəhriyar Məmmədyarovun oyunlarını öyrənirəm”.
“Yaxşı şahmatçı olmaq üçün insandan nə tələb olunur” sualına şahmatçının cavabı belə olur: “Güclü şahmatçı olmaq üçün öncə insandan möhkəm iradə tələb olunur. Bundan başqa, şahmatçı gün ərzində ən azı 5-6 saatını şahmata ayırmaldır. Fiziki və zehni hazırlıq şərtdir. Məğlubiyyəti ilə barışmalıdır və məğlubiyyətini unudub, böyük ruh yüksəkliyi ilə yoluna davam etməlidir. Məğlubiyyətdən sarsılsa, ondan çətin şahmatçı ola. Təbii ki, məğlubiyyətdən sarsıldığım vaxtlar da olub. Amma bir oyunda məğlub olub, məğlubiyyətimi düşünəndə, növbəti oyunlara da həmin emosiyayla gedirəm. Bu zaman itirən mən oluram”.
Xanım Balacayeva
“Mənim də ümidsizliyə qapıldığım vaxtlar olub. Məğlub olduqdan sonra dəfələrlə şahmata “əlvida” dediyim vaxtlar olub. Həmin vaxtlarda köməyimə valideynlərim çatıb. Bir müddət sonra özümə gəlib, özümü toparlayıb, yenidən başlayıram. Əslində bu hal dünya şöhrətli idmançılardan da yan keçməyib. Onlarda da olur. İradəli olan qazanır. Keçən il “Aeroflot-2019” yarışında çox pis çıxış etmişdim. Həmin vaxtlar çox böyük stress yaşadım. Düşündüm ki, çox pis oynayıram. Artıq oynamayacam. Amma 10 gün istirahət edəndən sonra toparlandım və oyuna davam etdim. Ən böyük dəstəkçim valideynlərimdir. Həm şahmat baxımından, həm də mənəvi baxımdan mənə çox dəstək olurlar”, – deyə əlavə etdi.
Balacayeva düşünür ki, şahmatla məşğul olan uşağın beyini və düşüncə tərzi digər həmyaşıdlarından daha üstündür: “Fikrimcə, adi uşaqla şahmatla məşğul olan uşağın beyin fəaliyyəti eyni ola bilməz. Onların düşüncələri də fərqli olur. Şahmat, beyinin inkişafına kömək edir. Bundan başqa, şahmat insanı təmkinli və səbirli olmağı öyrədir. Adətən 5 yaşından başlayırlar şahmata. 5 yaşlı uşaqla bir dəfə oynamaqla artıq onun gələcəyini müəyyənləşdirmək mümkündür. Onun tapdığı gedişlərdən, düşüncə tərzindən, adi stolda oturmağından gələcəyi barədə proqnoz vermək olar”.
Xanım Balacayevanın mükafatları
Xanımın fikrincə, ən güclü şahmatçılar çinlilərdi: “Çinlilərlə oynamaq ikiqat məsuliyyət tələb edir. Onlarla oynamaq üçün yox yaxşı hazırlaşırıq. Son 2-3 olimpiadanın qalibləri də onlardır. Çindən sonra Rusiya və Hindistan gəlir. Adını çəkdiyim ölkələrdən daha çox qrossmeyster və olimpiya çempionu yetişib”.
X.Balacayeva deyir ki, bəzən oyun zamanı gözlənilməz sürprizlərlə qarşılaşır: “2013-cü ildə Dubayda Dünya Çempionatı keçiriləndə 2 gediş uddum. Həmin yarışda yarım xalla uduzdum. Hamı inanırdı ki, o yarışdan qalib olaraq ayrılacam. Amma gözlədiyimiz olmadı. Qəribə orasıdır ki, güclü rəqiblərimi udmuşdum, düşünürdüm ki, udacam. Bəzən insanın özündən asılı olmadan səhv gediş gedirsən. Bu da məğlubiyyətə aparır”.“Gözlənilməz sürpriz” komanda yarışlarında daha çox baş verir: “Yarışdan 1 gün əvvəl püşkatma olur. Artıq biz bilirik ki, rəqibimiz kimdir. Oyundan bir gün qabaq, internetdən rəqibimizin oyunlarına baxırıq. Güclü rəqiblə oynamaq, zəif rəqiblə oynamaqdan daha asandı. Zəif rəqiblə oynamaq ikiqat məsuliyyət tələb edir. Rəqibin güclü olanda, həvəslə oynayıram, uduzsam belə, təsir etmir. Amma zəif rəqiblə oynayıb uduzanda daha pis təsir edir insana. Bu, özünü daha çox komanda oyunlarında biruzə verir. 2018-ci ilin Olimpiada oyunlarında son tura qədər bizim komandanın qazanmaq şansı var idi. Azərbaycana ilk dəfə şahmat olimpiadasından medal gələcəkdi. Biz elə komandaya düşmüşdük ki, düşünürdük ki, udacağıq. Hamı arxayın idi ki, biz qalibik. Çünki güclü rəqibləri udmuşduq. Mən də həmin oyundan qızıl medal udmuşdum. Rahatlıq var idi ki, komanda udacaq. Amma biz həmin yarışda gözlədiyimiz nəticəni qazana bilmədik. Rəqib komanda zəif idi, amma həmin gün bizə qarşı güclü oynamışdılar. Beləliklə biz medaldan məhrum olduq", – deyə X.Balacayeva bildirdi.
Xanım Balacayeva
Xanım şahmatçı 28 ildən sonra bu sahədə qazanılan qələbədən danışır: “Bu il olimpiada olacaqdı, pandemiyaya görə təxirə salındı. Çox güclü hazırlaşmışdıq, istəyirdik ki, komanda şəkilində qələbə qazanaq. Çünki qadınlar arasında bu, hələ olmayıb. Keçən il Avropa çempionatında 3-cü yerə layiq görüldük. 28 ildən sonra qadın şahmatçıları 3-cü yerə layiq görüldü. Özü də çox güclü komandaları udduq”.
6 yaşından beynəlxalq yarışlarda iştirak edən həmsöhbətimiz, digər idman sahələri ilə də maraqlanır: “Şahmatla bərabər 1 il yüngül atletikayla məşğul olmuşam. Voleybolla və boksla da məşğul olmuşam. Bütün yarışları ailəliklə izləyirik. Xüsusən də voleybolu çox sevirəm”.
“İnsanın formalaşmasında mühitin çox böyük rolu var” deyən şahmatçı uğur qazanmağının sirrini bizimlə bölüşür: “Sosial şəbəkələrdən maksimum uzaq qaçmağa çalışıram. Onlar insanın həm vaxtını, həm də əsəblərini tarıma çəkir. Boş vaxtlarımda musiqi dinləyirəm. Şahmatçılar beyinlərini rahatlaşdırmaq üçün sakit, həzin musiqiyə qulaq asmalıdırlar. Bundan əlavə, filmlər izləyirəm və daha çox mütaliə edirəm. Mütaliə insanı sakitəşdirən ən gözəl vasitədir”.
Xanım Balacayevanın mükafatları
“Yaşadığın bölgənin də insana təsiri böyükdür. Əvvəllər Qaxda yaşayırdım. Doğrudur, orada yaşayanda da müvəffəqiyyətlərim olub. Amma Qaxda yaşayanda qohum-əqrəba, dost-tanışla vaxtımı keçirirdim, məktəbə gedirdim, başım qarışırdı. Nəticədə, vaxtım gedirdi. Amma, Bakıda bütünlüklə özümü şahmata həsr etdim”, – qrossmeyster etiraf edir.
Xanım Balacayevanın anası Zəminə Balacayeva da şahmatçıdır. Rayonda uzun illər şahmatla məşğul olan Zəminə xanım deyir ki, qızının erkən yaşlarından peşəkar olacağını hiss edib: “Artıq 5 yaşından hiss edirdik ki, Xanım bu sahədə bacaracaq. 5 yaşında Avropa çempionatına qatılmışdı. Həmin çempionata atası ilə getmişdi. Həmin yarışlarda, artıq özünü göstərməyə başladı. Digər övladlarıma da şahmatı öyrətmək istədik, amma gördük ki, onlarda alınmır”.
Balacayevanın fikrincə, peşə sahələrində genetik faktor çox böyük rol oynayır: “Şahmata yenicə başlayan uşaqlara bütün gedişlər addım-addım öyrədilir. Xanıma heç vaxt bir gediş belə, öyrətməmişik. Yoldaşımla mən şahmat məktəbində işləyirdik. Xanımı da özümlə aparırdım, mən uşaqlarla məşğul olurdum, o da ən arxada otururdu. Uşaqlara baxa-baxa artıq gördük ki, şahmatı öyrənib. Şahmat elə bir sənətdir ki, oturub başa salmaq da mümkün deyil. Gərək onun qanında-canında olsun. Məncə, burada gen öz sözünü deyir”.
Xanım Balacayeva
Söhbətimizin bu məqamında Xanımın atası – onun ən böyük dəstəkçisi olan Əsəd Balacayev də bizimlə söhbətə qoşulur. Əsəd müəllim də uzun illər şahmatla məşğul olub. Rayonun sayılıb-seçilən şahmatçılarından olan Balacayev bu sahənin inkişafından söz açır: “Əvvəllər 16 yaşında şahmata başlayan insan, müəyyən nailiyyətlər əldə edə bilirdi. İndi isə 12 yaşından başlayanlar belə, uğur əldə edə bilmir. Çünki rəqabət həddindən artıqdır. Gec başlayan, nə qədər çalışsa da, irəliyə gedə bilmir. Sovet dövrü və 90-cı illərin şahmatı ilə bugünkü şahmatın vəziyyəti arasında fərq böyükdür. O dövrdə 16-17 yaşlarında çox nadir hallarda qrossmeyster ortalığa çıxırdı. Bu gün şahmat sürətlə inkişaf edir. O dövrdə müəllim də az idi. Qrup dərslərində iştirak edib, nəsə öyrənməyə çalışırdıq. İndi isə fərdi məşqçilər çoxdur. Kompüter, internet uşaqları çox irəliyə apardı. İndi çox güclü proqramlar var, şahmatçılar o proqramlar vasitəsi ilə özlərini inkişaf etdirə bilərlər. Bizim dövrümüzdə isə belə deyildi. Məşqçi də az idi, məlumat bazamız da yox idi. Biz kitablardan öyrənməyə çalışırdıq, kitablardan da yetərincə faydalana bilmirdik”.