“Tapşırıq aydındır” – Vitali Borisov
- 18 Avq 2024 16:20
- 217
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” avqustun 21-də “Sparta Belfast”, ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, təmsilçimizin baş məşqçi Vitali Borisov bununla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.
- Bir neçə gündən sonra Çempionlar Liqasında mübarizəyə start verəcəksiniz. Komandada vəziyyət necədir?
- Vəziyyət normaldır. Bakıdakı hazırlığımızı bugünkü məşqlə yekunlaşdırdıq. Komanda üzvləri sabah istirahət edəcək, avqstun 20-nə keçən gecə yola düşəcəyik. Yaxşı təlim-məşq toplanışı keçirdik. Həm fiziki yükləmələr oldu, həm də taktiki çalışmalar yerinə yetirdik. Problem 3 zədəli futzalçımızın olması ilə bağlıdır. Ümid edirik ki, oyunlara qədər onlar tam sağalacaqlar.
- Yoxlama oyunu hansı çatışmazlıqları və ya müsbət məqamları ortaya çıxardı?
- Maraqlı oyun oldu. Xüsusilə də birinci hissədən çox razı qaldım. Açığı, ilk oyunda komandamın bu cür sürət verəcəyini gözləmirdim. Hələ 3-4 oyunçumuz meydana çıxmamışdı.
- Komandanı demək olar, yenidən qurdunuz. Yeni transferlər uyğunlaşa biliblərmi?
- Demək olar ki, uyğunlaşıblar. Hələ bir neçə gün vaxtımız var. Çalışmalar davam edir. Hər kəs məsuliyyətlə işini icra edir. Komandanın qarşısına konkret tapşırıq qoyulub: əsas mərhələyə yüksəlməliyik. Bunun üçün də rəhbərlik nə lazımdırsa, edib. Qalır tapşırığı yerinə yetirmək.
- Heyət tam komplektləşib, yoxsa yenə transferlərə ehtiyac var idi?
- İlkin mərhələ üçün lazım olan futzalçıları heyətimizə qatmışıq. Hər biri ilə söhbətimiz olub. Onlar komandamıza çox kömək edəcəklər.
- Komandanın qarşısına əsas mərhələyə yüksəlmək tapşırığı qoyulub. Tapşırığı yerinə yetirmək mümkün olacaq?
- Meydan düz, top yumuru. Əlbəttə, ora qarşıya qoyulan məqsədə çatmaq üçün gedirik. Əlimizdən gələni edəcəyik ki, buna nail olaq. Futzalçılar da komandaya nə üçün dəvət olunduqlarını bilirlər. Bakıya qrup lideri kimi qayıtmaq üçün səfərbər olmuşuq.
- Rəqiblərlə bağlı hansı məlumatlar toplamısınız?
- Müəyyən kəşfiyyat aparmışıq (gülür). Əlbəttə, biz onları, onlar da bizi araşdırırlar. Müəyyən informasiya toplamışıq, təhlillər aparmışıq. Meydanda da hər birinə qarşı necə oynayacağımızın konturlarını cızmışıq.