Tayson həbsxana həyatını ömrünün ən yaxşı illəri adlandırdı FOTOLAR
- 03 İyl 2022 14:00
- 571
Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson həyatının ən yaxşı dövrünün həbsxanada keçirdiyi üç il olduğunu deyib.
Bu barədə o, “The Pivot Podcast” “YouTube” kanalına müsahibəsində danışıb.
Tayson həmin günlər rahatlıq tapdığını bildirib.
“Əgər rahatlığınız, sakitlik və tarazlığınız yoxdursa, pul heç nəyi həll eləmir. Yeməyim pis deyildi, hamı mənimlə mehriban, yaxşı davranırdı”, - deyə sabiq dünya çempionu vurğulayıb.
Tayson əlavə edib ki, məhbuslar ondan qorxsalar da, hörmət də edirdilər.
Qeyd edək ki, Tayson 1992-ci ildə zorlama ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmişdi. Boksçu ittihamları qəbul etməyərək, qadınla cinsi əlaqənin razılıq əsasında olduğunu iddia etmişdi. O, demək olar ki, üç il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra 1995-ci ildə azadlığa çıxıb.
55 yaşlı keçmiş idmançının peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.