
“Təcrübəsizliyin əziyyətini çəkdik”
- 29 Mar 2025 21:31
- 82
Avropa çempionatının əsas mərhələsində bu gün Türkiyədən olan həmyaşıdları ilə qarşılaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi məğlub olaraq mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, oyunla bağlı baş məşqçi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Bu matça qədər 1 gün istirahət etsək də, yorğunluq özünü göstərdi. Bəzi oyunçularımızda yenə həyəcan var idi. Təcrübəsizlik də özünü büruzə verirdi. Xüsusilə də birinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Əvəzində onlar bizə qol vurdular. Ən əsası bu turnir bizə təcrübə qazandırdı.
Turnirdə 3 oyun keçirdik və bir heç-heçə etdik. Deyərdim ki, imkanlarımızdan aşağı çıxış etdik. Daha yaxşı nəticə gözləyirdik. Yenə deyirəm, təcrübəsizliyin əziyyətini çəkdik.
Komandamızda perspektivli və potensiallı futzalçılar var. Bu cür turnirlərdə təcrübə toplamaqla gələcəkdə A milliyə də yüksələ bilərlər”.