Yeni mövsümə hazırlaşan Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu beynəlxalq yarışda çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız Türkiyədə keçirilən Beynəlxalq Boğaziçi Voleybol Turnirində bu gün son qarşılaşmasını "Çan Gençlik Kale Spor" ilə üz-üzə gəlib.

Beşinci yerin sahibinin müəyyənləşdiyi bu görüş rəqibin üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda voleybolçularımız quru hesabla uduzublar.

Bakı klubu qrup mərhələsində keçirdiyi hər iki oyunda da quru hesablı məğlubiyyətə üzülüb. Bununla da keçirdiyi bütün qarşılaşmalarda uduzan "Azərreyl" turniri sonuncu - 6-cı pillədə başa vurub.