Terim koronavirusdan tam sağaldı: “Mənə heç nə olmaz” deməyin”
- 16 Apr 2020 11:42
- 602
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin koronavirusla bağlı verdiyi sonuncu analizin nəticəsi məlum olub.
Rekord.az xəbər verir ki, 67 yaşlı mütəxəssisin sonunu koronavirus testinin nəticəsi mənfi çıxıb. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Baş məşqçinin sözlərinə görə, testdən sonra onda infeksiyanın simptomları aşkar olunmayıb. Terim bildirib ki, virusun plazmafarez metodu ilə müalicəsi üçün donor olmağa hazırdı: "Dəyərli həkimlərimiz kriteriyalara uyğun olduğumu desələr, qan verməyə hazıram. Bu yolla bir neçə insanın həyatını qurtararam. Bu isə məni xoşbəxt edər".
Təcrübəli mütəxəssis insanları virusa qeyri-ciddi yanaşmamağa çağırıb: "Bəlkə də, bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Canımızdan başqa, hər şeyin yerini doldurmaq mümkündü. Ona görə də özünüzə, sevdiklərinə yaxşı baxın. "Mənə heç nə olmaz" deməyin. Bütün xəbərdarlıqları ciddiyə alın".
Qeyd edək ki, daha əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrakla Yusuf Günay da koronavirusa qalib gəlmişdi.