Tərlan Əhmədov: “Az qala sürprizlə qarşılaşacaqdıq”
- 03 Dek 2019 18:20
- 1026
“Yaşar Vahabzadəni təbrik edirəm, intizamlı komanda gördüm. I divizionda belə klubun olması məni sevindirdi".
Rekord.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz" üzərində 3:1 hesablı qələbə qazanan paytaxt təmsiçisi adını növbəti mərhələyə yazdırıb. Əhmədov qarşılaşmadan sonra "CBC Sport" telekanalına fikirlərini bildirib.
O, ikinci hissədəki əvəzləmənin komandasını qələbəyə daşıdığını düşünür: "Belə kubok oyunları həmişə çətin olur. I divizion amili futbolçuların motivasiyası baxımından asan olmur. Gördüyünüz kimi, bu gün qırmızı vərəqə aldıq, qol buraxdıq. Amma ikinci hissədə dəyişiklik etdik, Kamaranı meydana buraxdıq, bununla da oyunumuzu tapdıq. Ölkə kuboku bir oyundan ibarət olduğundan, çətin alınır. Az qala sürprizlə qarşılaşacaqdıq. Amma ikinci hissədə 2 qol vuraraq, qələbə qazandıq".
Çalışdırıcı ilk hissənin sonlarında qırmızı vərəqə alan Franko Floreslə bu barədə söhbət etmədiyini də əlavə edib: "İsti başla futbolçularla heç nəyi müzakirə etmirəm. Bunun zamanı var. Futbolda vərəqə hər zaman olur. Mən Sezar Meza Kollinin "Zirə" ilə oyundakı qırmızı vərəqə almasına sərt reaksiya göstərmişdim. Çünki dirsəklə zərbəyə görə cəzalanmışdı. Mübarizə zamanı olan vərəqənin cəriməsini hətta klub da ödəyər. Buna görə, futbolçunu qınamaq olmaz. Ancaq azarkeşə, rəqibə haqsızlığı bağışlamıram. Flores isə ikinci sarı vərəqə ilə meydandan qovuldu. Miyuşko Boyoviç də "Sumqayıt"la matçda zədələndi, ili tamamladı. Qarşıdakı kubok matçında hər ikisi bizə kömək edə bilməyəcək. İndi müdafiənin mərkəzində kimi oynacağımız sual altındadı". (matc.az)
Qeyd edək ki, "Keşlə" 1/4 finalda "Qarabağ"la qarşılaşacaq.