Tərlan Əhmədov: “Fasilədən sonra futbolçularda arxayınlıq yarandı”
- 26 Okt 2019 18:55
- 786
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Hər oyunda çoxlu qol epizodları yaradırıq, amma onların azından istifadə edirik. Bu oyunda da elə oldu. Qələbə istəyi ilk yarıda daha çox idi. İkinci hissənin əvvəlində də bir neçə epizodda yaxşı imkanlar yaxaladıqdan sonra uşaqlarda arxayınlıq yarandı. Məğlub da ola bilərdik. “Qəbələ” yaxşı komandadı. Elmar Baxşıyevlə Azər Bağırova uğurlar arzulayıram. Qısa zamanda yaxşı komanda yaradıblar. Belə bir rəqiblə oyunda vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Qarşıdakı oyuna daha ciddi hazırlaşmalıyıq. Bir həftə sonra bizi bundan da ağır oyun gözləyir. İki günlük istirahətdən sonra yenidən hazırlığa başlayacağıq. Seçimimiz məhduddu. Limitə düşən futbolçular arasında Tural Bayramlı hamıdan yaxşıdı. Tural gənclər yığmasına namizəddi. Onun potensialına bələdəm. Fransadakı məlum olay da ona pis təsir edib. Üstəlik, limitə düşən digər futbolçularımızdan Ziya Əzizovla Ceyhun Muxtarlı uzun müddətə sıradan çıxıb. Ancaq bütün hallarda, sağlamlığım daha önəmlidi. Çünki mənim də ailəm, uşaqlarım var. 90 dəqiqə eyni səviyyədə oynamaq çətindi. Rəqib komanda da bizim kimi qol vurmaq, qələbə qazanmaq istəyir. Futbolun gözəlliyi də bundadı. Sezar Meza Kolli komandaya gec qoşulub. Hələ tam hazır deyil. 60 dəqiqə oynamağa hazırdı. Ruslan Qurbanovla Əfran İsmayılov da hələ ideal formada deyillər. Arxada qalan 9 turda demək olar ki, eyni heyətlə oynayırıq. Rotasiyalar üçün heyətimiz geniş olmalıdı. Bu da günü-gündən futbolçuların yüklənməsini artırır. Kiməsə istirahət verə bilmirəm ki, növbəti oyunlara daha yaxşı hazır olsunlar”.