Tərlan Əhmədov: “Heç kim futbolçularımı təhqir edə bilməz”
- 09 Noy 2019 19:57
- 1188
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Son oyunlarda yaradılan qol epizodlarından istifadə edə bilmirdik. Bu gün isə komanda möhtəşəm oyun göstərdi. 90 dəqiqə komanda mübarizə apardı. Məğlub durumda olsaq da, əllərindən gələni etdilər. Buna görə rəhbərlik də, biz də onlara təşəkkür etdik.
- Oyunun son dəqiqələrində "Neftçi"nin məşqçisi ilə aranızda mübahisə oldu. Bu, nə ilə bağlı idi?
- Futbol aqressiv oyundu. Heç vaxt rəqibin futbolçulara qarşı sərt olmuram. Mənim də futbolçularıma heç kimin sərt, aqressiv ifadə işlətməyə haqqı yoxdu. Mən onları motivasiya edirəm, onların yaşadıqlarını mən kənarda yaşayıram. Demək istəyirdim ki, onların arxasında biz, rəhbərlik var. Heç kim onları təhqir edə bilməz.
- Liderlər qrupunda qərarlaşmaq istəyirsiz. Qış transfer pəncərəsi üçün siyahı hazırdı?
- Hələ hazır deyil. Axtarışlar gedir. Güclənmək lazımdı. Amma hələ qarşıda çətin oyunlarımız var.
- Sizə elə gəlmir ki, "Keşlə" bu gün bir futbolçudan - Sezar Meza Kollidən asılıdı?
- Futbol elə bir mərhələyə çatıb ki, hər komandada bir lider futbolçu var. Dani Kintananın zədələnməsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu nə qədər çətin vəziyyətə salıb. Biz hələ indi-indi komanda oyunu göstərməyə başlayırıq. Onun texnikası komandaya xeyir verirsə, niyə də istifadə etməyək?
- Sezarın bu gün xüsusi motivasiyalı olduğunu gördük. Eşitdiyimə görə, bir vaxtlar onunla "Neftçi" də maraqlanıb, amma transfer alınmayıb. Bu, sözügedən məsələylə bağlı ola bilər?
- Bu barədə məlumatım yoxdu. Bizim uzun müddət onunla danışıqlarımız olub. Futbolçuları motivasiya etmək üçün tamamilə fərqli bir üsula əl atmışdım, bunun faydasını gördüm. "Qarabağ"a, "Neftçi"yə qarşı oynadıqda, xüsusi motivasiyaya ehtiyac yoxdu. Meza Kolli bu gün yaxşı oyunlarından birini keçirdi. Daha da yaxşı oynaya bilər.
- "Neftçi"nin məşqçisi Füzuli Məmmədovla da aranızda mübahisə yaşandı. Deyəsən, əvvəllər də onunla münasibətiniz o qədər də yaxşı olmayıb...
- Mənim Füzuliylə hansısa mübahisəm olmayıb. Heç kimlə pis münasibətim yoxdu. Bəzən belə hallar olur. Futbol kənardan belə daha maraqlı görünür. Onunla danışacağıq.
- Bu gün "Keşlə"nin əsas futbolçularından olan Con Kamara, Tural Bayramlı zədələnsə, necə olacaq?
- Hazırda bu sualın cavabını mən də bilmirəm. Tural yeni-yeni formasını bərpa edir. Hər ikisi milliyə dəvət alıb, hər ikisi yorğun qayıdacaq. Çalışacağıq ki, hansısa dəyişikliyə əl ataq. Müəyyən futbolçular var ki, onları ehtiyat üçün saxlayırıq. (komanda.az)