Tərlan Əhmədov Meza Kollinin cəzalandırmaqdan niyə imtina edib?
- 28 Noy 2019 17:00
- 1031
Xəbər verdiyimiz kimi "Zirə” –“Keşlə” matçının 60-cı dəqiqəsində qonaqların futbolçusu Sezar Meza Kolli ev sahiblərindən Alvaro Ampueroya qarşı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq məcburi "istirahət"ə göndərilib, klub 2400 manat cərimə olunub.
Rekord.az sportinfo.az-a istinadla xəbər verir ki, Tərlan Əhmədovun paraqvaylı legioneri cəzalandıracağı gözlənilsə də, bu, baş verməyib.
Baş məşqçi yarımmüdafiəçini hərəkətindən dolayı yüngülvari danlamaqla kifayətlənib. Əhmədov nəzərə alıb ki, Sezar komandanın "lokomotiv"idir və ona cəza kəssə, düşərgədə vəziyyət pisləşə bilər.
Cənubi amerikalının "Keşlə" rəhbərliyindən narazı olması çalışdırıcıya bəllidir. Sezar maaşının yubanmasına "Zirə" ilə oyunda o hərəkətiylə etiraz edib. Ona pis təsir edən digər səbəb köhnə borclarının hələ də tam ödənilməməsidir.
2018-in qış fasiləsində ölkəmizə qayıdan Meza Kolli "Keşlə"ylə yarım illik müqavilə imzalamışdı (13 oyun, 4 qol). Mövsümün sonunda Azərbaycan kubokunu qazandığı klubla müqavilənin müddətini 1 illiyə uzadan legioner Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra Rumıniyadan aldığı təklifi dəyərləndirərək anlaşmasını qarşılıqlı razılıqla pozdu, amma alacaqlarının bir hissəsi qaldı.
Ötən ilin avqustunda "Universitatya Krayova”ya gedən 28 yaşlı yarımmüdafiəçinin Rumıniya karyerası uğurlu alınmadı. Gedən kimi zədə alan və uzun müddətə sıradan çıxan, daha sonra 15 oyunu qolsuz keçirən futbolçu əvəzedici heyətdə də fərqlənməyib. Bu səbəbdən mövsüm bitən kimi onunla yollar ayrılıb.