Təşəkkürlər, Çinzoriq!
- 23 Mar 2024 11:32
- 1721
Monqolustanla görüşdən öncə sosial şəbəkə istifadəçilərinin, eləcə də bir çox həmkarlarımın böyükhesablı qələbəyə kökləndiyini görməmək mümkün deyildi. Hətta dostumuz Anar Şabanoğlu Fransanın bizə yaşatdığı 0:10 hesablı məğlubiyyətin unutdurulmasının mümkünlüyündən də yazırdı. Bir çoxlarının təxmini hesablamalarına görə millimiz monqollara Bakıda azı 7-8 top vurmalı idi. Nəticə isə xeyli fərqli oldu. Monqolustanın qapısına cəmi bir dəfə yol tapa bildik, onda da standart vəziyyətdən sonra.
Bu yerdə onu qeyd edim ki, millimizin qınanmasında heç bir irqçilik əlamətləri yoxdur. Söhbət heç rəqibin məhz Monqolustan yığması olmasından getmir. Burda kinayə mövzusu rəqibin milliyəti yox, səviyyəsidir. FİFA-nın reytinq cədvəlində az qala 200-cü olan Monqolustanın futbolunun səviyyəsi göz qabağında idi. Məhz buna görə də azarkeşlər Arif Əsədovun meydana buraxdığı futbolçulardan bol qollar gözləyirdi. Sonradan gördüyümüz acı mənzərə bizə bir həqiqəti növbəti dəfə başa saldı ki, bizimkilər qol vurmağı bacarmır. Ona görə də Ramil Şeydayev Tailanddan əli ətəyindən uzun qayıdıb, “Kocaelispor”da gününü keçirir. Elə eyni səbəbdən Vüsal İsgəndərli Avropanın qərbinə boylanmağa ürək etməyib, Türkiyənin səviyyəcə ikinci liqasında qərarlaşdı. Emin Mahmudovun Azərbaycanda milyonçuya çevrilib, legioner həyatı yaşamaq istəməməsinin də səbəbi budur. Musa Qurbanlı da İsveçdə ümidləri doğrultmağa buna görə çətinlik çəkir. Renat Dadaşov da “Hatayspor”un ehtiyat oyunçular skamyasının daimi sakininə əbəs yerə çevrilməyib...
İllər öncə “Futbol+” qəzetinin üz qabığında Vadim Vasilyevin şəkli əks olunan bir manşet var idi. Vasilyev məyus halda qapı dirəyindən tutub, nəfəsini dərirdi. Manşetdə isə belə yazılmışdı: “Biabırçılıq! Bu boyda ölkədə qol vurmağı bacaran yoxdur!” Bəli, azı 20 il keçib. Bu 20 ildə Azərbaycanda futbolun inkişafı adıyla milyonlarla vəsait havaya uçurulub. Məni qınamayın, pulun havada uçuşduğuna inanacaq qədər sadəlöhv deyiləm. Havaya uçuşan pulları bəlli bir qrup həzmi-rabədən keçirib, milyonçuya çevrilib.
2001-ci ilin martında İqor Ponomaryovun çalışdırdığı millimiz elə eyni məkanda Moldovanı qəbul edirdi. Oyunun gedişində hakim qonaqların iki oyunçusunu meydandan qovdu. Amma 9 nəfər qalmış rəqibin qapısına yol tapmaq mümkün olmadı, görüş 0:0 hesabıyla bitdi. Ponomaryov oyundan sonra bildirdi ki, rəqibin azlıqda qalması oyunçuların konsentrasiyasını pozdu, onlar buna hazır deyildilər. Dünənki qarşılaşmada çətinlik çəkməyimizla bağlı Arif Əsədov belə deyib: “Bizim futbolçular “birinci nömrə” oynamağa hazır deyillər, buna öyrəşmək üçün vaxt lazımdır”. Bəli, acı reallıqdır. 23 il bundan əvvəl də belə idi, indi də belədir.
Monqollarla oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə rəqibin müdafiəçisi Çinzoriq Vüsalı yerə sərdi. Ona qəzəblənən Vüsal dodaqaltı deyinib, rəqibə yumruq silkələməkdən də çəkinmədi. Sən demə, Çinzoriqi söymək yox, ona “çox sağ ol” demək lazım imiş. Çünki onun kobudluğuna görə təyin olunan cərimə zərbəsindən sonra Toral topu qapı qarşısına havalandırdı, Bəhlul millimizi biabırçılıqdan qurtardı. Vüsalın etmədiyini biz edək: “Təşəkkürlər, Çinzoriq! Bu qələbəmizdə sənin böyük payın var".