Təxirə salınmış oyunun vaxtı yenə dəyişdirildi
- 21 Yan 2023 15:36
- 418
Voleybol üzrə ölkə çempionatı təxirə salınmış oyunun keçirilmə vaxtına yenə dəyişiklik edilib. "Rekord.az" xəbər verir ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu yanvarın 22-də saat 18:00-da keçirilməli idi.
“Xarı bülbül” voleybol klubunun rəhbərliyinin Azərbaycan Voleybol Federasiyasına (AVF) ünvanladığı müraciətində komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub.
AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq yanvarın 22-də saat 18:00-da keçirilməsi nəzərdə tutulan “Neftçi” - “Xarı bülbül” oyununu təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 22-də Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.