Teymur Rəcəbov İddiaçılar Turnirində ikinci məğlubiyyətinə üzüldü
- 25 İyn 2022 23:55
- 498
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 7-ci turda qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib. Matç 56-cı gedişdə rəqibin qələbəsi ilə yekunlaşıb. Bu, Rəcəbovun turnirdə ikinci məğlubiyyəti olub. O, 2-ci turda ABŞ-ın digər təmsilçisi Hikaru Nakamuraya da uduzmuşdu.
Azərbaycanlı şahmatçı hazırda 2,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 5,5 xala sahib Yan Nepomnyaşidir.
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
7-ci tur
25 iyun
Fabiano Karuana (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 1:0
Rixard Rapport (Macarıstan) - Yan Nepomnyaşi (FİDE) 0:1
Dinq Liren (Çin) - Alireza Firuzca (Fransa) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Hikaru Nakamura (ABŞ) 0,5;0,5
Xal durumu: Nepomnyaşi - 5,5, Karuana - 5, Nakamura - 3,5, Rapport, Liren, Duda - 3, Rəcəbov, Firuzca - 2,5