Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Rekord.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı vəfat edib. Bu barədə gənclər və idman nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Babanlı 85 yaşında vəfat edib.

Babanlı yüksək idman nailiyyətləri və əmək fəaliyyətinə görə SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının əməkdar məşqçisi (1965), ümumittifaq dərəcəli hakim (1980), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi (1997), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006) adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. 5 noyabr 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Mərhum 1993-1996-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-2012-ci illərdə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Üzun müddət Azərbaycan Boks Federasiyasının baş katibi olaraq bu idman növünün inkişafına xidmət edib.