Tokio-2020 başa çatdı - Azərbaycan neçənci oldu?
- 08 Avq 2021 15:39
- 737
Tokio-2020 Yay Olimpiya Oyunları başa çatıb.
Rekord.az xəbər verir ki, son yarış günündə 8 idman növü üzrə mübarizə gedib və 13 medal dəsti sahibini tapıb.
Bununla da, 93 ölkənin idmançısı 339 dəst medala yiyələnib. Medal sıralamasının qalibi son gündə dəqiqləşib. ABŞ yığması 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci olub. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin olimpiadanı 2-ci pillədə başa vurub. 3-cü yeri 27 qızıl, 14 gümüş və 17 bürünc medalla Yaponiya tutub.
Azərbaycan idmançıları Tokioda üç gümüş və dörd bürünc medal qazanmaqla yarışı 67-ci yerdə bitirib. Millimizdə karateçilər Rafael Ağayevlə İrina Zaretska və sərbəst güləşçi Hacı Əliyev finalda uduzaraq gümüş mükafat əldə edib. Cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominqes, yunan-Roma güləşində Rafiq Hüseynov, qadın güləşində Mariya Stadnik üçüncü olub.
Bununla da, Azərbaycan 1996-cı ildən sonra ilk dəfə Yay Olimpiya Oyunlarında qızıl medal qazanmayıb. Həmin vaxt yeganə medalı (gümüş) sərbəst güləşçi Namiq Abdullayev qazanmışdı.
Xatırladaq ki, rəsmi açılışı iyulun 23-də olan 32-ci Yay Olimpiya Oyunlarında yarışlar iyulun 21-dən başlamışdı.