Tokio-2020 ilə bağlı açıqlama
- 26 Sen 2020 16:21
- 995
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Koordinasiya Komissiyası və Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın koronavirus pandemiyası şəraitində keçirilməsini təmin edəcək bir sıra tədbirlər barədə razılığa gəlib.
Rekord.az xəbər verir ki, bu barədə IOC-nin yaydığı məlumatda bildirilib.
İlkin tədbirlərə işçilərin ixtisarı, mobillik xidmətlərinin optimallaşdırılması və olimpiada zamanı tamaşaçıların fəallığına nəzarət edilməsi daxildir.
İnfeksiyanın qarşısını almaq üçün tədbirlər yeddi hissədən ibarət olacaq: hərəkətin məhdudlaşdırılması, sosial məsafə, fərdi qoruyucu vasitələrin istifadəsi, qida məhsulları üzərində nəzarət, yeni yoluxma hallarının yoxlanılması və müəyyənləşdirilməsi, yeni hallar barədə xəbərdarlıq və peyvənd.
Bu tədbirlər kompleksi Təşkilat Komitəsi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Yaponiya hökuməti ilə birlikdə müvafiq mütəxəssislərin iştirakı ilə hazırlanıb.
IOC prezidenti Tomas Bax Təşkilat Komitəsinin qarşıdakı Oyunların təşkilində inanılmaz irəliləyişə nail olduğunu qeyd edib. O, bu yarışın olimpiadalar tarixində turnirə hazırlıq baxımından ən yaxşı olacağına inandığını bildirib.
Baxın sözlərinə görə, təşkilatçılar yarışı pandemiyanın diktə etdiyi şəraitə uyğunlaşdırmaq üçün çeviklik və yaradıcılıq nümayiş etdirməlidirlər.
Təşkilat Komitəsinin sədri Yosiro Moru olimpiadanın təşkili və keçirilməsində baş verəcək dəyişiklikləri cəmiyyətin necə qarşılayacağından narahatlığını dilə gətirib.
"Dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, cəmiyyətin mümkün dəyişikliklərə anlayışla reaksiya verməsi üçün bu çətin dövrdə etibarlı və təhlükəsiz yarışı necə təşkil edəcəyimizi uzun müddət düşündük".
Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Con Kouts isə Oyunların yenidən təşkili üçün birgə səylərin vacibliyini vurğulayıb: "Bu problemin özünəməxsusluğu birlikdə daha da güclənmək idi. Ortaq fədakarlığımız yarışa hazırlığın təməlidir"
Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.