Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

Rekord.az xəbər verir ki, alman mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb:

- Sonuncu dəfə 2 ay əvvəl bu masada əyləşmişdiz. Bu iki ayda nə dəyişib?
- Bu oyun bizim son oyunumuz kimi vacibdi. Bura oyunumuzu oynamağa gəlmişik. Sabah bizim 30 min insanın ətrafında nələr edəcəyimiz önəmlidi. Xal qazanmaq istəyirik. Bezyak demiş, birləşməyə ehtiyacımız var. Həmçinin sakit olmalıyıq. Son oyunda stadionda gözəl atmosfer var idi. Bunu hamı gördü. Öz işimizi bilirik. Komandam oyuna hazırdı. Biz sabah xal qazanaraq, ilk addımı atmaq istəyirik. Bunun üçün burdayıq.

- Ən çox nədən çəkinirsiz?
- Oyuna yaxşı hazırlaşmışıq. Bu, çox vacib oyundu. Hər kəs bu oyunun əhəmiyyətini bilir. Hamı oyuna hazırdı. Çünki Avropa Liqasının qrup mərhələsində oynamaq gözəldi. Ən yaxşı oyunumuzu oynamaq istəyirik. Əvvəlki oyunda da yaxşı oynadıq və lazım olanı etdik. Bu oyun üçün də planımız olmalıdı və bunu yerinə yetirməliyik. Bizim beynəlxalq oyun təcrübəsi çox olan futbolçularımız var. Futboldu, əlindən gələnin ən yaxşısını etməlisən ki, yaxşı nəticə əldə edəsən.

- Avqust səfərinizdən sonra daha şən biri kimi yadımızda qalmışdız. Ancaq bu gün bir az sakitsiz...
- Uzun yol gəlmişik, buna görə də bir az yorğunluq var. Sabahkı oyundan sonra gülən mən olacam, narahat olmayın.

- Sabahkı oyundakı mümkün məğlubiyyət sizin üçün mübarizənin başa çatması demək olacaq?
- Məğlub olacağımızla bağlı heç nə düşünmürük. Məğlubiyyəti düşünmək düzgün deyil. İstər futbolda, istərsə də həyatda. Mən neçə ildi ki, futboldayam. Heç vaxt əvvəlcədən məğlubiyyət haqda düşünməmişəm. Oyuna maksimum "performans" göstərmək üçün çıxacağıq. 

- Heyətinizdə Tomas De Visentidən başqa zədəli varmı? Onun yerini doldura biləcəksiz?
- Əlbəttə, Visenti bizim üçün vacib oyunçudu. Ancaq heyətimizdə kifayət qədər yaxşı oyunçular var. (komanda.az)