AFFA dünən rəsmi saytı vasitəsi ilə yeni məlumat paylaşdı. Məlumat yaydılar ki, Tovuz şəhər stadionunun hazırkı süni örtüyü sökülməyə başlayıb. Əvəzinə yeni örtük döşənəcək. Yeni örtük də süni olacaq. Halbuki biz əksini gözləyirdik. Gözləyirdik ki, illərdi Azərbaycan futbolunun bəlasına çevirilən süni örtüklərin daha birindən canımız qurtaracaq. Hətta səhv etmirəmsə, "Turan Tovuz"un idman direktoru Nadir Nəbiyev də mətbuata açıqlamasında yeni örtüyün təbii olacağını demişdi. Lakin görünən budur ki. dəyişən heç nə yoxdur. Say xatirinə "Turan Tovuz"u Premyer Liqaya gətirən və indi də 500 minin ümidinə qoyan AFFA, süni örtüklə bağlı siyasətini də davam etdirir və Bayılda olduğu kimi, Tovuzdakı bu süniliyinə sadiq qalır. Halbuki Tovuz kimi bölgədə bu addımı atmaq ən kobud şəkildə cinayət, ən yumşaq şəkildə günahdı. Niyə axı belə edirsiniz? Nədir bu süni sevginiz? Nədir marağınız? Kimlərsə bu monopolist siyasətdən qaz vurub qazan dolduracaqsa, bizim balalarımız, onların gələcəyi şikəst olmalıdı? Tovuzda daşdan, asfaltdan da ot çıxır, ora süni örtük sərmək hansı beyinin məhsuludur? O zonada ot yerdən öz-özünə çıxır. Belkə vəziyyətdə sizin yerə sünii örtük döşəməniz bilirsiniz nəyə oxşayır? Elə bil, 57 dərəcə tempraturun olduğu Saxara səhrasında kombi sistemi quraşdırırsan. Bax o beyinin məhsulu ilə sizin beyinin məhsulu arasında heç bir fərq yoxdur. Bəlkə baxmaq çətindir?

 

Biz gözümüzü açandan Tovuzda meydançanı təbii görmüşük. Sovet dövründən üzü bəri. Baxmayaraq ki, o dövrlər ota qulluq daha çətin idi. O mənada ki, indiki kimi müasir dərmanlar, gübrələr, suvarma sistemləri, texniki qulluq imkanları yox idi. Amma ota xalça kimi baxırdılar. Siz niyə özünüzü əziyyətə vermək istəmirsiniz?

 

Başqa bir səbəbə toxunum. Adətən söz düşəndə bu məsələni yüklənmə ilə əlaqələndirirsiniz, bəhanə edirsiniz ki, filan yerdə bir meydança var və təbii eləsək yüklənmə çox olacaq, qazon tez sıradan çıxacaq. Bəs Tovuzda o boyda akademiya tikdiniz, əlavə meydançalar saldınız, məntiqlə əsas meydança üçün yüklənmə olmamalı, akademiya həmin ehtiyat meydançalarda məşq etməli idi. Demək ki, bu bəhanəniz də əsassız idi. Azərbaycan futbolunu zəlil günə qoymağınıza baxmayaraq, özünüzü sudan quru çıxartmaq üçün göstərdiyiniz bütün bəhanələr kimi...

 

Anar XANLAROV