Tovuz səfərinə sözardı
- 23 Sen 2024 11:00
- 184
Tovuza növbəti səfərim də maraqlı oldu. Məsələnin futbol və "Turan Tovuz" tərəfinə keçmədən öncə, bəzi həssas məqamlara da toxunmaq istəyirəm. Bəzən mənə elə gəlir, məni Tovuzda Sumqayıtdan daha çox tanıyırlar)) Hər səfərimdə insanların xoş münasibəti ilə qarşılaşıram. Təkəbbür kimi çıxmasın, mən müğənni deyiləm, şou adamı deyiləm, tanınmış idmançı, yaxud ictimai-siyasi xadim də deyiləm, adi jurnalistəm. Amma tək stadion və stadion ətrafında yox, küçədə gəzəndə belə, insanların səni tanıması, yaxınlaşıb hal-əhval tutması, jurnalist kimi mövqeyin və eləcə də çıxış etdiyin veriliş haqda xoş sözlər söyləməsi insana xüsusi qürur verir. Hətta 65-70 yaşlı bir kişinin səni tanıması, "həmişə izləyirəm, haqqına danışırsan" sözü qarşısında sadəcə, "təşəkkür edirəm" kəlməsi çox-çox azdır. İnsan üçün ən böyük qazanc budur. Adi bir misal da deyim, Tovuza getmək üçün Sumqayıtdan evdən çıxıb marşuruta mindim ki, avtovağzala gedəm, sürücü də orta yaşlı bir kişi idi. Söhbət 22 nömrəli marşurutdan gedir. Normalda bu marşurut avtovağzala girmir, düz gedir. Yaxınlaşanda kişi qayıtdı ki, müəllim avtovağzalın özü lazımdırsa, dönüm ordan gedim. Təşəkkür elədim ki, ehtiyac yoxdu, qabaqdan düşüb keçərəm. Düşəndə də pul götürmək istəmirdi ki, sən düz danışırsan, pul lazım deyil. Təbii ki, təşəkkür edib, pulunu da verdim. Amma o kəlmə mənim üçün milyona bərabər idi. İndi keçim söhbətin məğzinə.
"Turan Tovuz" dünən çempionatdakı ilk məğlubiyyətini aldı. Normaldı, gec-tez olacaqdı. Çempionat uzun marafondu, məğlubiyyət də olacaq, heç-heçə də. Hətta oyundan sonra Tovuz futbolunun canlı əfsanələrindən olan Nizami Sadıqovla da ayaqüstü söhbət elədik və o da gözəl bir söz dedi ki, komandanı silkələmək baxımından bəlkə də bu məğlubiyyətin faydası olacaq. Klub rəsmisi dostumuz Səmədə, mətbuat katibi Süleymana da dedim ki, uzun illərdi futbolun içində olan adamlarsınız, bir məğlubiyyətə görə qətiyyən ruhdan düşmək olmaz, zatən komandanın hədəfi çempionluq yox, avrokuboklara vəsiqədir. "Sumqayıt" ötən mövsüm səhv etmirəmsə, 8 məğlubiyyətlə 4-cü yeri tutmuşdu. İndi bir məğlubiyyətlə dünya dağılmayacaq ki.
Kurban Berdiyev də məğlubiyyətə əsl peşəkar kimi yanaşdı ki, bundan nəticə çıxarmalıyıq. Ümumyyətlə, bu şəxs sözün əsl mənasında peşəkardı. Qapalı insandı, ünsiyyəti o qədər də sevmir, mətbuatla ünsiyyəti yalnız mətbuat konfransından mətbuat konfransına baş tutur, komandasını da bacardığı qədər mediadan uzaq tutmağa çalışır, amma dediyim kimi, adam əsl peşəkardı. 1-ci yerdə gedəndə də daim narazı qaldığı məqamları önə çəkirdi, heç vaxt təkəbbür nümayiş etdirmirdi, mübahisəli hakim qərarlarının olduğu son iki oyunda 4 xal itirmələrinə baxmayaraq, yenə də günahı özlərində görür, kənarda günahkar, xal itkisini yıxmağa boyun axtarmır.
Oyundakı məlum qalmaqallı epizoda gəlincə, dünəndən müşahidə edirəm, ciddi müzakirə mövzusuna çevirilib. Azarkeşlərin reaksiyasını tam anlayışla qarşılayıram. Amma jurnalist olaraq, öz adıma deyim ki, daşıdığımız peşə məsələyə yanaşmada böyük həssaslıq tələb edir. 10-12 il əvvəl olsaydı, 100 faiz mən də daha aqressiv, çılğın münasibət bildirərdm. Amma yaş da artır, təcrübə də artır və daha soyuq başlı münasibət tələb olunur. Böyük əksəriyyət birmənalı şəkildə deyir ki, Maçadonun Millerə qarşı hərəkəti qırmızı vərəqədir. Mən də razıyam ki, Maçadonun etdiyi futbol hərəkəti deyildi. O zərbə ilə camaat karatedə, taekvandoda vacib xal götürür. Eyni zamanda düşünürəm ki, sarıdan daha çox, qırmızı vərəqəyə çalan epizoddu. Bəs niyə hakim qırmızı vərəqə vermədi, VAR niyə müdaxilə etmədi? Burda iki səbəb var: ya qaydalar sarı vərəqə deyir, ya da "Turan Tovuz"a qarşı qərəz var. Birincisi, tərəfdarıyam ki, mütəxəssislər qaydalar tərəfindən bu epizodun izahını versinlər. Dediyim kimi, ola bilsin ki, qaydalar, ordakı loru desək "punktlar" sarı vərəqəni gərəkdirir. Dünən Bakıya qayıdanda həmkarlarla söhbətdə də dedim. Hər kəs epizoda konkret bir prizmadan baxır: Maçado təpiklə vurdu Millerinin sifətini dağıtdı, hakim qırmızı vermədi. Amma epizod incələnməlidi. Məsələn 2-ci turda "Turan Tovuz" - "Sumqayıt" matçında Kristian da Silva Rezabalanın ayağına açıq ayaqla zərbə endirmişd. Böyük əksəriyyət birmənalı şəkildə dedi ki, birbaşa qırmızı vəqəqədi. Amma Xaqani müəllim efirdə dedi ki, mən zərbə görmrəm, tapdalama görürəm, ona görə sarı vərəqədi. Düzdür, o başqa məsələ ki, orda hakim heç cərimə zərbəsi də təyin etməmişdi)) O mənada bu epizoda da mütəxəssislərin baxışı lazımdı. Böyük ehtimal hakimlər burda ehtiyatsız, düşüncəsiz hərəkət, təhlükəli oyun kimi qeydə alıblar. İkinci məqam epizod toplu epizod olub, yəni top uğurunda mübarizə olub. Yəni Maçadonun niyyəti rəqibə yox, topa oynamaq olub. Üçüncü məqam kimi, Maçadonun müarizə zamanı həm də havada olan topa baxması da onun niyyətinin topa oynamaq olduğunu isbatlayan fakt kimi göstərilə bilər. Yəqin ki, hakimlər bu məqamları nəzərə alıb qırmızıya "okey" verməyiblər. Amma mən də o fikirdəyəm ki, epizod sarının üzərindədir, qırmızının qapısına bir addım daha yaxındı...
Anar XANLAROV