Tovuzda voleybol üzrə master-klass
- 15 May 2024 13:29
- 293
Azərbaycan Voleybol Federasiyası idman növünün inkişafı üçün bölgələrdəki klubları ziyarət etməkdə davam edir.
Rekord.az xəbər verir ki, federasiya nümayəndələri bu dəfə Tovuz Regional Voleybol Klubunun qonağı olublar.
Federasiya nümayəndələri, gənc və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Şahin Çatma və Federasiyanın xüsusi nümayəndəsi Məftun Salmanov Azərbaycan Voleybol Federasiyasının Tovuz şəhərində keçirdiyi düşərgə zamanı ilk olaraq klub rəhbəliyi, üzvləri, məşqçi heyəti və valideynlərlə görüşdə iştirak ediblər. Düşərgə zamanı Şahin Çatma məşqlərlə yanaşı yeniyetmə voleybolçulara öz tövsiyələrini verib və voleybolun müsbət tərəfləri haqqında danışıb. Daha sonra Şahin çatma tərəfindən klub üzvlərinə isinmə hərəkətləri, top qəbulu və zərbə məşqləri keçirilib.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə Tovuz Olimpiya idman kompleksində start götürülən düşərgə 3 gün davam edib.
1 ilə yaxındır fəaliyət göstərən bölgə klubunda oğlanlarda 2 yaş qrupu, qızlarda isə 3 yaş qrupu üzə ümumilikdə 100-dən çox uşaq voleybolla məşğul olur. Qısa müddət ərzində müvafiq yaş qrupu üzrə milli komandalara bir neçə voleybolçu hazırlayan klub məşqlərini Tovuz Olimpiya İdman Kompleksində həyata keçirir. Klub uşaq və gənclərin pis vərdişlərdən uzaq olmaları, idmana yönlənmələri üçün kütləvilik prinsipini əsas prioritet seçib. Bunun nəticəsidir ki, qısa müddət ərzində Tovuzda voleybola maraq göstərənlərin sayı günü-gündən artır. İdman zalı məşqlərin yüksək səviyyədə keçirilməsi üçün beynəlxalq standartlara cavab verən, son texnologiya - “Terafleks” örtüyü ilə təchiz olunub. Voleybolçular keyfiyətli məşq proqramının həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və inventarlarla təmin olunublar.
Şahin Çatma Tovuzda bu idman növünə marağın artdığını, bu tendesiyanın davam etdiyini, regionda böyük potensialın olduğunu qeyd edib.