Tüpürən futbolçuya sarı kart göstərilməsi təklif olundu
- 28 Apr 2020 14:23
- 544
Bundan sonra futbol meydanlarında oyunçuların tüpürməsi qadağan oluna bilər.
Rekord.az xəbər verir ki, belə bir təklif FİFA-nın səhiyyə komitəsinin rəhbəri Mişel D'Oqu tərəfindən səsləndirilib.
O, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində oyunçuların yaşıl meydanlarda tüpürməməsinin vacib olduğunu söyləyib. “The Telegraph” nəşrinə müsahibə verən 74 yaşlı mütəxəssis hətta bu qaydaya əməl etməyən futbolçuların sarı vərəqə ilə cəzalanmasını təklif edib:
“Futbol çempionatları bərpa olunduqdan sonra bütün klubların gigiyenik qaydalara əməl etməsi çox vacibdi. Məsələn, futbol meydanlarında oyunçuların tüpürməsinə çox rast gəlirik. Halbuki, bu, heç də gigiyenik deyil. Matçlar başlayandan sonra bundan qorunmaq lazım gələcək. Məncə, belə oyunçuları sarı vərəqə göstərməklə bu vərdişdən çəkindirmək olar. Çünki koronavirus hava-damcı yolu ilə keçir. Təkcə bu fakt matçları bərpa etmədən öncə hər məqama nə dərəcədə diqqət yetirməli olduğumuzu göstərir”.