![photo](https://www.rekord.az/storage/news/2025_02_12/z_n_1739356940.jpg)
Tura baxış: Geridönüş, replika, inadkarlıq
- 11:00
- 99
"Qarabağ" o qədər də yaxşı günlərini yaşamasa da, 2-ci yerlə fərqi açmaqdadır. Qurban Qurbanov indidən gələn mövsümün ştrixlərini cızır. Limitin ləğvindən sonra Almeyda ilə yollar ayırıldı. Düzdür, Qurban Qurbanov bu futbolçunun öz istəyi ilə getdiyini bildirib, amma məlum məsələ idi ki, Almeyda neçə müddətdir ki, Braziliyaya qayıtmaq istəyirdi. Əslində 35 yaşında onun yenidən geri qaytarılması da məcburiyyətdən atılan addım idi. Çünki limit var idi, Almeyda da yerli futbolçu statusunu daşıyırdı. Əks halda bu yaşda futbolçunu "Qarabağ"ın sıralarına qatmağa ehtiyac yox idi. Aleksey İsayev kimi ortabab əcnəbiyə də sırf "yerli futbolçu" statusu olduğu üçün 500 minə yaxın pul verilmişdi. Limitin ləğvindən sonra yəqin ki, Aleksey, Şahruddin, Bədavi kimi milliləşdirilmiş, yaşı 30-u keçmiş futbolçular da tədricən göndəriləcək. Kadinin gəlişi isə yerinə düşdü. Formada olmamasına və artıq çəkili olmasına rəğmən ilk matçda sözünü dedi. Qurbanov 1 aya əvvəlki Kadini geri qaytaracaq.
"Səbail" qış fasiləsindən sonra 3 turdu məğlubiyyətsiz seriyanın ardından ciddi zərbə aldı. Məsələ "Qarabağ"a uduzmaq yox, son 20 dəqiqədə 5 top buraxmaq oldu. Bu, onu göstərdi ki, komandada ciddi boşluqlar var və digər komandalar da "Qarabağ" kimi, bu boşluqları tapa bilsələr, komandanın işi çətin olacaq. "Səbail" hazırda sonuncu pillədədir və bu ağır məğlubiyyət futbolçulara psixoloji cəhətdən zərbə ola bilər. Baş məşqçi ilk növbədə bunu dəf etməlidir.
"Turan Tovuz" qeyri-stabil çıxışa davam edir. Qışdan sonra komandanın işinin çətin olacağı məlum idi. Düzdür, qışdan sonra yeni transferlər oldu. Amma əvəzində Otto Con getdi. Komanda əslində "Sabah"a qarşı pis başlamamışdı. Sadəcə, ikinci hissədə ardını gətirə bilmədi. İlk belə hal deyil. "Kəpəz" və "Səbail"lə oyunlarda da komanda ilk hissəni yaxşı keçirsə də, fasilədən sonra sanki sönmüşdü. Nəticədə üstün olduğu oyunları əldən verirdi. "Sabah"la oyunda da belə oldu. Berdiyev "ikinci hissə sindromu"nu həll etməlidir. Orta xəttə işlək, mübariz futbolçu lazımdı, Rəhim Sadıxov kimi, əhlikef, "bir hissəllik" futbolçu ilə uzağa getmək çətindi, 3 yerli məşqçi onu düzəldə bilməyibsə, Berdiyevin inadkarlığı da yersizdi.
"Sabah"a gəlincə, görünür Berezutski Rusiyadan yaxşı tanıdığı həmkarının komandasını dəqiq təhlil etmişdi. Məhz ikinci hissədə orta xətdə qurulan basqı işə yaradı. Qələbəyə baxmayaraq, "Sabah"ın çempionatdan avrokuboklara gedəcəyi real görümür. Komanda "Turan Tovuz" üzərindəki qələbədən motvasiya alıb ən azı kubokda uğurlu nəticə üçün oynaya bilər.
"Araz Naxçıvan"ın da qışdan sonrakı qeyri-stabilliyi davam edir. Qışa qədər uğurlu seriya yaxalayan, 3-cü pillə ilə xeyli xal fərqi yaradaraq, lider "Qarabağ"a yaxınlaşan Naxçıvan təmsilçisi bu seriyanı saxlaya bilmədi. Autsauder "Kəpəz"in müqavimətini qıra bilməyən "Araz Naxçıvan"ın bəxti onda gətirdi ki, "Zirə" və "Turan Tovuz" məğlub oldu.
"Kəpəz"ə isə yalnız alqış düşür. Azər Bağırov inanılmaz dərəcədə inadkarlıq göstərir. Yaxşı mənada, komandanı eliyada saxlamaq mənasında. "Turan Tovuz", "Sabah" və "Araz Naxçıvan" kimi iddialı komandalardan 7 xal qopartmaq asan məsələ deyil. Bu yöndə Gəncə futbolunu sevən hər kəs Azər Bağırova dəstək olmalıdır.
"Zirə" - "Neftçi" oyunu haqda ayrıca yazdığım üçün geniş yazmağa ehtiyac görmürəm. Çox dramatik bir sonluq oldu. Bəlkə də heç-heçəlik bir oyun idi, amma "Neftçi" xarakter göstərdi. Samir Abasov tədricən komandanı toparlayır, Qriqorçukun vaxtında meydançada vaxt keçirdən futbolçular indi daha istəkli, daha yaxşı ruhla oynayır. Fasilədən sonra meydançaya çıxan Şeydayevlə Emil Səfərovun oyunu, eləcə də Emin Mahmudovun yenidən özünı qayıtması göz önündə olan reallıqdı.
"Zirə"nin səhvi isə futbolçuların oyunu erkən "bitirməsi" oldu. 1:1-dən sonra "Zirə" futbolçular oyunun bitdiyini düşündü və ən böyük səhv də onda buraxıldı. Bu oyun yaxşı mənada dərs olmalıdır ki, futbol hakimin final fitinə qədər oynanılır.
Nəhayət, "Şamaxı" - "Sumqayıt" matçı haqda. Matç sonrası açıqlamalardan da hiss olundu ki, oyunda prinsipiallıq var idi. Vaqif Cavadov "Şamaxı"nın qələbəni coşqu ilə qeyd etməsinə replika atdı, "hələ ki, bizi heç kim keçməyib" açıqlamasını verdi. Ayxan Abbasov isə açıqlamasında "Sumqayıt"da bir yox, iki məşqçinin işi olduğunu qeyd edərək Samir Abasov faktorunu xatırlatdı. Sanki Vaqifə, "yaxşı oyunda Abasovun keçdiyi hazırlığın da rolu var" mesajını verdi. Görünən budur ki, bu komandaların növbəti iki oyunu da prinsipial və gərgin keçəcək.
Oyuna gəlincə, "Sumqayıt" matça çox yaxşı başladı, ilk hissəni üstün oynadı. Amma komandanın əsas bəlası yaradılan qol imkanların istifadə olunmamasıdır. Cavadov israrla bildirdi ki, burda heç bir problem yoxdur, oyun varsa, qol da, nəticə də olacaq. Bir məşqçinin özünə və komandasına inanması çox yaxşıdır. Amma aşırı inadkarlıq da yaxşı sonluğa aparmaya bilər. Bir vaxtlar bu inadkarlıq Elmar Baxşıyevdə də var idi. "Qəbələ" yaxşı oynayırdı, qol epizodları yaradırdı, amma həmin epizodları sağa-sola xərcləyirdi. Hər dəfə bununla bağlı sual verəndə Baxşıyevin xoşu gəlmirdi, israrla deyirdi ki, problem yoxdur, qol da olacaq, nəticə də. Nəticə də o oldu ki, özü istefaya getdi, komanda da I Diviziona. Bu mənada Cavadov da 7 oyundur sürən qolsuzluğu qulaq ardıma vurmamalıdır. Komanda yaxşı oynayıb qol vura bilmirsə. deməli, nə isə çatçır. Bax o "nə isə"ni tapıb həll etmək lazımdır ki, bu da baş məşqçi kimi Cavadovun üzərinə düşür.
"Şamaxı" isə çox vacib qələbə qazanaraq rahat nəfəs aldı. Ayxan Abbasov ən dar çərçivədə, dar büdcə ilə maksimumu etməyə çalışır. Mikelssiz bir oyunda qazanılan qələbənin dəyəri isə ikqatdı.
Anar XANLAROV