Azərbaycanın kişi voleybolçulardan ibarət millisi qitə birinciliyinin seçmə mərhələsinə və İslamiadaya hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırda Bakıda təlim-məşq toplanışında olan komandamızın üzvü Tural Həsənli hazırlıqla bağlı fikirlərini AVF-nin mətbuat xidməti ilə bölüşüb.

"AVRO-2023 təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığımız davam edir. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Bir neçə gündən sonra Belarusa yola düşəcəyik. Orada təlim-məşqləri davam edəcək və yerli yığma ilə bir neçə yoxlama matçı keçirəcəyik. Yoxlama oyunları zamanı çatışmazlıqları daha aydın görüb və onları aradan qaldırmağa çalışacağıq".

Təcrübəli oyunqurucumuz qarşıdakı yarışlarda uğurulu çıxışa ümidli olduğunu bildirib: "Avqustun 3-də Bakıda ilk rəsmi matçımıza çıxacağıq. AVRO -2023 təsnifat mərhələsində və İslamiadada qələbələr qazanmaq istəyirik. İnanıram ki, məşqçi heyətimizin köməyi və azarkeşlərimizin dəstəyi ilə biz hər iki yarışda uğurlu çıxış edəcəyik".