"Turan Tovuz” klubu tarixi rekordunu növbəti dəfə təkrarlayıb.

Rekord.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi bunu Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Hypers Guba” ilə matçında (7:2) reallaşdırıb.

“Turan Tovuz” 4-cü dəfə bir oyunda 7 qol vurub. Qərb təmsilçisi 2016/2017 mövsümündə I Divizionda (indiki I Liqa) oynadığı vaxt üç fərqli qarşılaşmada belə məhsuldar olub. “Energetik” komandasını 7:0 və 7:1, “Bakılı”nı 7:0 hesabı ilə məğlub edən tovuzlular həmin rekordu yenidən təkrarlayıblar.

Amma 7:2 hesablı qələbə klub tarixinə kubokdakı rekordlarla düşüb. “Turan Tovuz” bu turnirdə ən böyük qələbəsini qazanıb, ən yüksək məhsuldarlığını göstərib və ən qollu matçını keçirib. Bunadək hər üç rekord ötən mövsümün “Göygöl”lə matçına məxsus idi. Həmin vaxt tovuzlular 5:1 hesablı qələbəyə seviniblər.