“Turan Tovuz” ölkə kubokuna qatılmaqdan imtina elədi. Bəli, yalnız bizdə belə hal yaşana bilər ki, I Divizionun lideri olan və Premyer Liqanı hədəfləyən komanda ölkə kuboku yarışlarına  qatılmaqdan imtina eləsin. Çox gülməlidir ki, səbəb də maliyyə məsələsidir. Divizionun lideri olub Premyer Liqa arzulayan komandanın kubokda oynamağa pulu yoxdur. Düzdür, klub rəsmi olaraq bu səbəbi açıqlamadı. Dedilər ki, guya stadionları təmidədi, ona görə. Adama sual verərlər ki, stadionun təmirdədirsə I Divizionda necə oynayırsan? I Divzionla Premyer Liqanın səviyyəsi başqadır? O zaman mən sual verəcəm: keçən mövsüm də stadionunuz təmirdə idi? Keçən mövsüm niyə kubokda oynamadınız? Xeyr cənablar, ictimaiyyəti aldatmayın.

 

PFL prezidenti Ramin Musayev Nadir Nəbiyevin məhz təmirlə bağlı bəhanəsinə cavab olaraq gözəl dedi ki, “nə isə tapıb deməlidir də”. Bəli, indiki halda “Turan Tovuz” rəhbərliyi nə isə tapıb deməlidir.  Onların da günahı yoxdur. Pulu ayıran, büdcəni müəyyən edən AFFA-dır. Güman  deyiblər ki, sizə güc-bəla ehtiyat meydança salırıq hələ bir də kuboka görə pul verək? Bunlar da kirimişcə oturublar yerlərinə. Yoxsa Nadir Nəbiyev istəmir ki kubokda oynasın, ya Oqtay Abdulayev? Ya futbolçular istəmir ki, Premyer Liqa klubuna qarşı oynayıb özlərini sübut etsinlər? Təbii ki, hamısı istəyir. Amma ağa deyir sür dərəyə, sür dərəyə. AFFA deyir oynama, deməli oynama.

 

Sadəcə, adama təsir edən başqa məqamdır. Hər şey bu cürdürsə, o zaman Tovuz azarkeşlərinin hissləri ilə oynamaq nəyə lazım? Onlara az qala hər il Premyer Liqa sözü verib başlarını ovudursunuz. Axırda da lisenziya bəhanəsini ortaya atıb hər şeyi gələn mövsümə qədər uzadırsınız. Bu il yenə söz buraxmısınız ki, guya gələn il komanda sayı artırılır və “Turan Tovuz” da elitaya gətirilir. İndi mən də sual verirəm: Kubokda oynamaq üçün komandaya yol pulu vermədiyiniz halda, Premyer Liqada oynamaq üçün 1-2 milyon manatı hardan tapacaqsınız? Öz dediyinizə özünüz inanırsınız görəsən?

Anar XANLAROV