"Turan Tovuz"un büdrəməsi
- 02 Okt 2024 09:23
- 602
Azərbaycan Premyer Liqasında hadisələr elə maraqlı, o cümlədən də gözlənilməz ssenari ilə cərəyan edir ki, proqnoz vermək də çətin olur. Kim deyərdi ki, yayda Roman Qriqorçuka tapşırılan “Neftçi” bu qədər bərbad çıxış edəcək, ilk dövrənin səkkiz turundan sonra qələbəyə həsrət qalacaq? Eyni zamanda da “Araz Naxçıvan”ın VIII turdan sonra liderlər qrupunda yer alacağını, “Qarabağ”dan başqa hamını qabaqlayacağını təxmin etmək çox müşkül məsələ idi. Amma indi bütün bunlar gözümüzün önündə gerçəkləşən reallıqlardır.
Yaxşı mənada hamını təəccübləndirən komandalardan biri də “Turan Tovuz”dur. Elmar Baxşıyev “Araz Naxçıvan”la möcüzələr yaratmasaydı, bəlkə də elə bu sıranın birinci yerinə “Turan Tovuz”u qoymaq mümkün idi. Fakt odur ki, “Araz Naxçıvan” “Turan Tovuz”u qabaqlayır, özü də bu komandaların əyani duelindən də qalib çıxan tərəf elə Baxşıyevin çalışdırdığı komanda olub. Deməli, “Araz Naxçıvan”ın ikinci pillədə yer alması, birdən-birə səkkiz rəqibinə yuxarıdan aşağı baxması heç də təsadüfi deyil.
Bəli, Tovuzda keçirilən qarşılaşmadakı şübhəli epizodu mən də görmüşəm. Frank De Bleker hər nə qədər Maçadonun Millerin başına təpik vurmasını düşüncəsiz davranış sayıb, Elçin Məsiyevin əməlinə haqq qazandırmağa çalışsa da, biz də futbol qaydalarından xəbərsiz deyilik. Ona görə də ilk gündən demişəm ki, Məsiyev Maçadonu meydandan qovmalı idi. Keçənə güzəşt deyərlər. Bir məsələ də var ki, Kurban Berdiyevin özü də “Araz Naxçıvan”la oyunun nəticəsini ədalətli saymışdı, rəqibdən geri qaldıqlarını etiraf etmişdi. Buna görə də “Turan Tovuz”un doğma meydanda keçirdiyi oyunda xalsız qaldığını qanunauyğunluq saymalıyıq.
Özü də söhbət təkcə bir oyundan getmir. Ümumilikdə “Turan Tovuz”un dövrənin sonuna doğru düşüşə keçməsi danılmaz faktdır. Berdiyevin komandası 6-cı tura qədər qapısından top buraxmayıb. Açılış turunda “Neftçi”yə qarşı keçirdiyi oyunda qolsuz bərabərliyə razılaşan “bozqurdlar” qalan 4 oyunda “Sumqayıt”ı, “Kəpəz”i, “Səbail”i, hətta “Qarabağ”ı “quru” hesabla məğlub ediblər. Bu da sıradan bir nəticə deyildi. Qapını 450 dəqiqə toxunulmaz saxlamağın özü bir qəhrəmanlıqdır. Diqqət çəkmək istədiyim məqam da məhz bununla bağlıdır. 6-cı turda Masazıra qonaq gələn tovuzlular mövsümdə ilk dəfə qapılarında qol gördülər, özü də ikisini birdən. İlk xal itkisi də bu tura təsadüf etdi. 7-ci turda “Araz Naxçıvan”la az öncə bəhs etdiyimiz oyunda İvan Konovalov qapısında iki qol gördü. “Şamaxı” da “Sabah”la “Araz Naxçıvan”ın qəhrəmanlığı təkrarlamağı, 30 yaşlı qapıçını, o cümlədən də tovuzlu azarkeşləri iki dəfə məyus etməyi bacardı. Bu dəfə də “Turan Tovuz” qələbəsiz qaldı.
Berdiyevin diqqət yetirməli olduğu əsas məqamlardan biri də məhz budur. “Turan Tovuz” qapısında qol görəndə qələbə qazana bilmir. Turlar irəlilədikcə isə rəqiblər Berdiyevin oyun tərzini, o cümlədən də Konovalovun qapıçılıq məharətini daha yaxşı öyrənə bilirlər. Sizin də yadınızda olar, Berdiyev “Turan Tovuz”un Türkiyədə keçirdiyi yoxlama oyunlarının ekrana gətirilməsinə icazə vermirdi, komandasını hamıdan gizlədirdi. Görünür, monoton oyun tərzi çalışdırıcını həmin vaxt da narahat edirmiş. Bu sirr “Turan Tovuz”un hamını 6 tur təəccübləndirməsinə kifayət etdi. İndi yeni nəsə fikirləşmək lazımdır. Heyət seçimi elə də geniş olmayan Berdiyevin komandasının müəyyən müddətdən sonra enişə keçməsini təbii qarşılamalıyıq.