Türkiyə qadın voleybolçuların çempionatına yekun vurulub. "Rekord.az" xəbər verir ki, "Misli.com Sultanlar Ligi"ndə pley-off qarşılaşmalarından sonra mükafatçıların adları bəlli olub. 

Üç qələbədən ibarət olan final seriyasında "Vakıfbank"  və "Fənərbaxça" kollektivləri üz-üzə gəliblər. İlk iki oyun "Vakıfbank"ın 3:2 və 3:0 hesablı qələbələri ilə başa çatıb. Növbəti qarşılaşma isə baş tutmayıb. Buna səbəb "Fənərbaxça"nın heyət üzvlərində koronavirus aşkarlanması olub. Bir çox oyunçusunun COVİD-19-a yoluxmasını nəzərə alaraq komanda meydana çıxmaqdan imtina edib. Belə olan təqdirdə "Vakıfbank"a avtomatik qələbə verilib. Bununla da final seriyasında 3 qələbə əldə edən "Vakıfbank" Türkiyə çempionatının qalibi olub. "Fənərbaxça" isə gümüş medalla kifayətlənməli olub. 

Birinciliyin digər mükafatçısının adı "Türk Hava Yolları" və "Eczacıbaşı" kollketivlərinin mübaruizəsindən sonra bəlli olub. Üçüncülük uğrunda yarışda "Türk Hava Yolları" 3:1 və 3:2 hesablı qələbələr qazanmaqla bürünc medala sahib çıxıb.