Basketbol üzrə Gürcüstan və Türkiyə milli komandaları arasında Avropa çempionatının A qrupunun III tur oyununda insident baş verib.

Rekord.az report-a istinadla xəbər verir ki, Tbilisidəki eyniadlı idman kompleksində baş tutan matçda qonaq komandanın üzvü Furkan Korkmaz rəqib oyunçuların hücumuna məruz qalıb.

Hadisəyə meydan sahiblərindən Duda Sanadzenin görüşün başa çatmasına 4 dəqiqə 48 saniyə qalmış Korkmaza qarşı kobud oynaması səbəb olub. Hakimin qərarına etiraz edən yerli idmançı daha sonra türkiyəli basketbolçuya qeyri-etik ifadələr işlədib. Bundan əsəbləşən Korkmaz rəqibin üzərinə gedib və nəticədə ara qarışıb. Qalmaqalın böyüməsinə hakimlər və digər basketbolçular imkan verməyiblər. Hər iki oyunçu hakimin qərarı ilə diskvalifikasiya edilib.

Onlar paltardəyişmə otağına yollanarkən Gürcüstan yığmasının 3 basketbolçusu və təhlükəsizlik xidmətinin 2 əməkdaşı türkiyəli oyunçuya hücum çəkib. Özünü müdafiə edən Korkmaz yüngül xəsarətlər alıb.

Qeyd edək ki, qarşılaşma Gürcüstanın 88:83 hesablı qələbəsi ilə başa çatıb.